Ayxan Abbasov: “İddialı olmaq istəyirsənsə...” - MÜSAHİBƏ
04.08.2023 - 11:58
Ayxan Abbasov: “İddialı olmaq istəyirsənsə...” - MÜSAHİBƏ

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun apasport.az saytına müsahibəsi 

-  "Turan Tovuz" bu gün ölkə çempionatında ilk oyununa çıxacaq. Oyunöncəsi sizi razı salan, narahat edən məqamlar hansılardır? 
- Bu mövsüm çempionat ağır və çətin olacaq. Çünki kubların hamısı transfer edir, güclənir. O cümlədən, ilk turda oynayacağımız "Araz Naxçıvan" komandaya yeni futbolçular cəlb edir. Təbii ki, biz də hazır olmağa çalışmışıq. Toplanış uğurlu keçdi. Bir zədəlimiz oldu ki, o da son yoxlama matçında Paço idi. Təəssüflənirik. Gələndən bu yana məşqlərə qoşula bilmir. Yəqin ki, oyunu buraxacaq. Digər futbolçular hazırdır. İlk matçlar həmişə ağır keçir. Bunlardan keçməliyik. Tam hazır olmaq üçün çempionat oyunları vacibdir. İnanıram ki, yaxşı çıxış edəcək. 

- Ümumiyyətlə, hazırlıq dönəmi istədiyiniz və planlaşdırdığınız kimi keçdi? Komplektləşə bildiz?
- Hazırlıq prosesimiz planlaşdırdığımız kimi keçdi. Rəqiblər də istədiyimiz güclü rəqiblər idi. "Adana Dəmirspor"un gücündən danışmağa ehtiyac yoxdur. "Eyüpspor" isə Superliqaya namizəd komandalardandır. "Simba" Afrika Çempionlar Liqasında çıxış edir. Ümumən hazırlıq yaxşı keçdi.

- "Turan Tovuz"un yeni transferləri çox oldu. Onların hamısı artıq komandaya uyğunlaşa bilib?
- Bir çox futbolçularla danışırdıq, bir çox futbolçunu gətirmək istəyirdik. Alınmayanlar da oldu. Xeyli sayda danışdıqlarımız var idi. Digər çempionatlarda çıxış edirlər. Əlbəttə ki, birdən-birə ölkələrini, klublarını dəyişirlər, ailə problemləri olur. Yeni gələnlər də, ailələri ilə gəliblər. Çətin olmadı. Onlar da bizi seçdiklərinə görə şaddırlar. Gəldilər və öz gözləri ilə gördülər ki, Azərbaycanda yaşamaq yaxşıdır. Heç bir problem olmayacaq. Bütün futbolçularımıza inanırıq. Böyük ümidimiz var və inanıram ki, bu il azarkeşlərimizi sevindirəcəyik. 

- Ötən mövsüm çətinliklə yığılan və komplektləşən "Turan Tovuz" çox yaxşı mübarizə apardı. Bu mövsüm isə sanki daha inamlı və daha yaxşı heyətə maliksiz. Komandanın qarşısında məqsəd olmasa da, yəqin ki, avrokbok mübarizəsinin içində olacaqsız?
- Keçən mövsüm çətin idi. Doqquz ildən sonra komanda çempionata qayıtmışdı. Büdcə tam bəlli deyildi, futbolçular fədakarlıq etdilər. Rəhbərlik, azarkeşlər, futbolçular, məşqçilər inandıq. Premyer Liqada qalmaq vacib idi. Yüksək liqada qalaraq hər il inkişaf etmək istəyirdik. Çünki iddialı olmaq istəyirsənsə, inkişaf, klub olmaq önəmlidir. Bu yöndə də işlər gedir. Nəticələr də yaxşılaşmalıdır. Amma əsas məqsədimiz inkişaf etməkdir. Görürsüz, bu il müqavilələr iki illikdir. Bir illik heyət fikirləşmirik. Bu, önəmlidir. Futbolçuların bir komandada çox qalması, möhkəmlənməsi vacibdir. Bunlar olmasa, iddialı olmaq çətin alınar. 

-  İlk oyun Tovuzda keçirilməyəcək. Bunun sizin üçün hər hansı təsiri olacaq? Hər halda, mövsümə evdə başlamaq daha çox inam gətirərdi. Matçın Bakıda keçirilməsi və ümumiyyətlə, "Araz Naxçıvan"la matç haqda ümumi fikriniz necədir?
- Öz azarkeşlərimizin qarşısında oynamaq üstünlük olacaqdı. Müvəqqəti çətinliklər var. Əsas stadionda təmir işləri gedir. Şərait yaratmalıyıq ki, həmin işlər bitsin. Çox istəyirəm ki, "Turan Tovuz" da axşam saatlarında meydana çıxsın. Çünki azarkeşlərimiz işdən sonra gəlsin baxsın, həm də saat 17-00 da istədiyimiz futbolu sərgiləmək çətin olur. Müvəqqəti çətinlikdir. Onlar da həll ediləcək. İkinci dövrə evdə onları qəbul edəcəyik. Təqvimdə dəyişiklik olub. 

-  Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" mərhələ adlaya bilmədi. "Qarabağ"ln daim ÇL-də oynaması, avrokuboklarda qruplarda oynaması futbolumuz, çempionatımız və digər klublarımız adına çox önəmlidir?
- Çox istəyərdik ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşsün. Amma rəqib də güclü idi, Polşa çempionudur. Hər iki matçda "Qarabağ" rəqibindən üstün oynadı. Lakin fərdi səhvlər rəqibə üstünlük verdi. İnanıram ki, onlar Avropa Liqasının qrup mərhələsinə düşərlər. Hər il orada oynaması ölkəmizə xal gətirir, həm də Azərbaycan futbolu Avropada təmsil olunur. Onlar son illərdə böyük işlər görür. Sabah uduzsalar da, normal qarşılamalıyıq. Çünki futbolda hər an hər şey ola bilər. Dünən də öz oyunlarını diqtə etdilər. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədilər. Halbuki rəqibdən iki oyunda da üstün idilər.

writer photo
Əlirza Əlirzalı
0