Misli Premyer Liqasının IX turunun "Səbail" - "Şamaxı" matçından (2:0) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Üzücü məğlubiyyət oldu. Xal qazanmaq istəyirdik. Amma bu gün rəqib bizdən daha istəkli görünürdü. Sonra oyunu çevirmək imkanımız oldu. Qol epizodlarını dəyərləndirə bilmədik. Daha sonra qırmızı vərəqə ilə azlıqda qaldıq. Sonra isə rəqib əks-hücumda ikinci qolu vurub oyunun taleyini həll etdi. Bu gün istədiyimiz kimi çıxış edə bilmədik. Bu da normaldır. Zədəli futbolçularımız çox idi. Mövsüm ərzində belə çətinliklər olacaq. Buna hazır olmalıyıq. Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidir. Milli fasilədən istifadə edib daha möhkəm olacağıq".
- Hakimliklə bağlı fikirləriniz necədir?
- Hakimlikdən danışmayacam. Hər tur danışmaq bir az pis olur.
- Konatenin qırmızı vərəqə aldığı epizod oyun epizodu idi?
- Bilmədim foula görə idi ya yox. Hakimə etiraza görə verilibsə, düzdür. Amma ondan qabaq qayda pozuntusunun olub-olmadığına baxmaq lazımdır. Nə olursa-olsun hakimin qərarından sonra etiraz etmək olmaz.
- "Turan Tovuz"la matçda komandanız daha istəkli idi. Bu, rəqiblə bağlıdır?
- Xeyr. Bilirdik ki, "Səbail" bizə qarşı aqressiv olacaq, xal qazanmaq istəyirlər. Səfərdə oynayırdıq. Adil Nağıyev həftə içi zədəli idi, məcburiyyətdən onu oynadıq. Oyun olacaq ki, tam istədiyimiz kimi alınacaq, oyun da olacaq ki, alınmayacaq. Amma bu gün o qədər də zəif çıxış etmədik. Qol epizodlarını dəyərləndirə bilsəydik, oyun başqa cür olardı.