Misli Premyer Liqasının XXIII turunun "Turan Tovuz" - "Neftçi" (1:1) matçından sonra təşkil olunan mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov oyun haqqında fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, Abbasov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"Evdə oynayırdıq, qələbə qazanmaq istəyirdik. Futbolçularıma təşəkkür edirəm. Sona qədər mübarizə apardılar, təslim olmadılar. Azarkeşlərimiz hər rəqibə Tovuz səfərini hiss etdirirlər. Hər iki komanda qalib gəlmək istəyirdi. Rəqibin fərdi keyfiyyətləri yaxşı olan futbolçuları var. Ofsayd xəttini necə çəkdilər, bilmirəm. Filip Ozobiç öndə görünürdü. "Neftçi" ilə matçda məğlub olmamaq önəmli idi. Çempionat gərginləşir. Sona qədər bu gərginliyin içində olmaq istəyirik".
- Bu gün son vaxtlar az oynayan futbolçulara şans verdiniz. Onların performansını necə dəyərləndirirsiniz?
- Heyəti qurmaqda çətinlik çəkirəm. Yaxşı rəqabət var. Əsas heyətdə olmayan futbolçular çox istəkli idilər. Bu gün sonradan meydana daxil olanlar can qoydular. Komanda belə olmalıdır. Belə olanda, nəticəyə təsir edir. Qarşıdakı oyunlarda da rotasiyalar olacaq.
- Son dəqiqələrdə rəqib baş məşqçi ilə aranızda gərginlik yaşandı və hər ikiniz sarı vərəqə gördünüz. Orada nə baş vermişdi?
- Yəqin ki, hakimə düzgün məlumat vermədilər. Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Çox mədəni insandır. Hakim elə başa düşdü ki, biz mübahisə edirik.
- "Neftçi"dən icarəyə götürdüyünüz 3 futbolçuya şans verdiniz. Onları meydana buraxmaq riskli deyildi?
- Xeyr, riskli deyildi. Onlarda ikiqat motiasiya var idi. İstəkləri görünürdü. Hər birinin yaxşı potensialı var.
- Fərid Nəbiyevə soz zamanlar az şans verməyinizin səbəbi nədir?
- Bu gün qol vurdu, sual verilir. Amma 4-5 turdur Ayxan Quseynov qollar vururdu, bu suallar olmurdu. Səbəbi odur ki, onun yerinə oynayan futbolçu yaxşı çıxış edirdi. Rəqabətdir. Fərid bir az öz formasından aşağı çıxış edirdi. Amma onun potensialı var. Milli komandada oynamalı oyunçudur. Üzərində işləməlidir. Qol duyumu olan futbolçudur. Ondan çox şey gözləyirik.
- Oyun zamanı çox aqressiv idiniz. Bəzən özünüzü azarkeş kimi aparırdınız. Bunun səbəbi nə idi?
- Ola bilər. İstəyirdik ki, futbolçulara qələbə ruhunu verək. Məğlub omaq istəmirdik. Bəzən özümüz də oyunun içində oluruq, hər şeyə reaksiya veririk. Bu da oyunun stressindən irəli gələ bilər.
- "Turan Tovuz"un futbolçuları milli komandaya dəvət olunmur. Bu durumu necə şərh edirdiniz?
- Yaxşı sualdır. Turnir cədvəli təsir edir. Keçən il də öz klubunda oynamayan futbolçular milliyə dəvət olunurdu. Amma aşağı pillələrdə olan klubların futbolçularına daim diqqət edilmir. Ümid edirəm ki, yeni baş məşqçi bu detala fikir verəcək. Milli komandanın qapıları hər kəsə açıq olmalıdır.
- Aqil Məmmədovla mübahisə edirdiniz. Nə baş vermişdi?
- Mübahisə etmirdik. Aqil dedi ki, Qaranın başına nəsə atıbar. Dedim ki, görürük. Azarkeşləri qızışdırmaq olmaz. Amma vəziyyəti normal şəkildə sakitləşdirdik.