Azər Bağırov: “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda" - MÜSAHİBƏ
30.04.2024 - 19:00
Azər Bağırov: “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda" - MÜSAHİBƏ

“Araz-Naxçıvan”dan ayrıldıqdan sonra hələ ki, işsiz qalan Azər Bağırov Apasport.az saytına müsahibə verib. 

- Hansısa klubdan təklif gəlib sizə və ya işıq üzü var? "Araz-Naxçıvan"dakı işinizlə digər klubların marağını cəlb etdiyinizi düşünürsüz?

- Xeyr, hazırda heç bir təklif yoxdur. Ümumilikdə, hələ çempionat bitməyib. Düşünürəm ki, yaxın zamanlarda təkliflər olacaq. Mən buna inanıram. Çünki öz bacarığımla qısa zamanda nələrisə deməyi bacarmışam. Ona görə də, inanıram ki, təkliflər olacaq. Futbol ictimaiyyətində də az-çox yaxşı mənada yadda qala bilmişəm.

- "Araz-Naxçıvan" mövsümə uğurlu start verdi, avrokuboklara düşəcəyi də ehtimal edilirdi, sonradan alınmadı, eniş yaşandı. Əsas səbəb nə idi?

- Klubu hər bir uğura aparan baş məşqçidir. Hər bir işdə onun əməyi danılmazdır. Yaxşı və ya pis, belədir. Əminliklə bilirəm ki, “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda. 10-12 gündə yaradılan, legioner cəlb edə bilmədiymiz, yerli futbolçunun kasad olduğu komandanı həm Premyer Liqada saxlamağı bacardım, həm də qışa qədər çox yaxşı işlər gördüm. Qışda isə komandanı gücləndirmək lazım idi ki, onu edə bilmədik. 3-4 gündən bir isə oynamağa yeni yaradılmış, heyəti geniş olmayan komanda yükü qaldıra bilmədi. 

- “Araz-Naxçıvan”ı yəqin ki, indi də izləyirsiz. Sizcə, sizin vaxtınızdakı komanda daha yaxşı oynayırdı, yoxsa indiki?

- Əlbəttə ki, oyunları izləyirəm. Son üç oyunun hamısına baxmışam. “Araz-Naxçıvan” onda daha yaxşı oyunlar oynayırdı, bol qol epizodları yarada bilirdi. Sadəcə, vura bilmirdik, istifadə edə bilmirdik, bu başqa məsələdir. Son üç oyunda isə elə də yaddaqalan bir şeylər yoxdur. Başqa detalları isə komandanın baş məşqçisi var, o daha yaxşı bilir.

- Amma komanda "Zirə"ni məğlub etdi. Sizcə, necə olduki, qələbə qazandılar?

- Təbii ki, bu görüşə də baxdım. “Zirə” yaxşı başladı, daha çox dominantlıq etdi, evdə oynayırdılar. Amma “Araz-Naxçıvan” oyunda qalib gəldi. Bu da oyunçuların, əsasən də müdafiə xəttinin istəyindən irəli gəlirdi. “Araz-Naxçıvan” böyük ölçüdə çox şeylə yadda qalmadı. Amma üç xalı qazandı, bu da təqdirəlayiqdir.

- Zaur Axundov müsahibəsində bildirib ki, intizam məsələsi önəmlidir və bir növ sizin vaxtınızda komandada boşluqlar olmasından şikayətlənib. Bu haqda fikriniz necədir?

- Mən özüm də, intizama, xüsusən də oyun intizamına önəm verən adamam. Hər bir şəxsin fikrinə də hörmətlə yanaşa bilərəm. Amma 10 günə yaradılmış komandada intizam olmasaydı, “Qarabağ” kimi rəqibi uda bilməzdik. “Neftçi” kimi komandanı iki dəfə uda bilməzdik, “Sabah”, “Səbail”, “Sumqayıt”la yaxşı oyunlarımız oldu. Heç bir halda, heç bir futbolçunun meydançada intizam məsələsində axsaması olmayıb. Məşq prosesində də, həmçinin. Kimsə evdə, restoranda intizamsız halda olubsa, onun bir kluba, bir baş məşqçiyə məncə aidiyyatı yoxdur. 

- Premyer Liqada klub sayı çox deyil, ancaq işsiz qalan məşqçilərimizin də sayı az deyil. Məşqçilərin işsiz qalmaması üçün də Premyer Liqada klub sayı artırılması daha yaxşı olardı?

- Premyer Liqada klubların sayı artsa, daha yaxşıdır. Həm məşqçilərin, həm də futbolçuların inkişafı üçün çox yaxşı olardı. Digər tərəfdən də rəqabətin daha yüksək olmasına gətirib çıxarır. Yerli məşqçilər göstərdi ki, daha bacarıqlı, daha istəklidir, daha çox nəticələrə ac olurlar.

- “Araz-Naxçıvan”da çalışdığınız zaman mövsümün əvvəli hakimlərdən danışmasaz da, sonlara yaxın artıq daha aqressiv çıxışlar edirdiz. İşsiz qalmağınıza hakimlərin təsiri nə qədər oldu? 

-    Bilirsiz, bu gün vəziyyəti tam başqa cür analiz edirəm. Əlbəttə, hakim səhvləri oldu. Elə mən də sizin vasitənizlə demək istəyərdim ki, niyə bizim “Turan Tovuz”la oyunumuzdan sonra Rəşad Əhmədov artıq 15-16 turdur ki, Premyer Liqada oyuna təyinat almır? Səhv etməyibsə, bəs nə edib? 

- Premyer Liqada baş məşqçi kimi ilk iliniz oldu. İkinci dəfə Premyer Liqa klubuna təyinatınız olarsa, hansı addımı atarsız, hansını atmassız?

-    Azərbaycanda heç kimin etmədiyini etməyi bacarmışam. Bir komandanı Region Liqasından birinci liqaya, oradan isə Premyer Liqaya gətirib çıxarmışam. Onları necə, hansı əziyyətlə çıxardığımı, nələrə qatlandığımı bilənlər də, bilir. Demək istədiyim, böyük ölçüdə çox şeylər yoxdur. Həm idarəçiliyi, həm məşq prosesini, həm də dostluğu bacarıram. Düşündüklərim bəzi detallar var ki, onların üstündə daha konkret dayanacam. O da Azər Bağırovun staffıdır. Onlar haqda düşüncələrim daha çox olacaq. Dəyişəcəklərim daha çox olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0