Azərbaycanlı futbol məşqçisi Azər Bağırov apasport.az saytına müsahibə verib.
- "Zirə" ilk görüşdə “Şerif”ə qalib gəlmişdi və növbəti mərhələyə də yaxın görünürdü. Ancaq Bakıda bu şansı əldən verdilər. Sizcə, “Zirə”nin mərhələ keçməməsinin əsas səbəbi nə idi?
- "Zirə" birinci görüşü udmasına baxmayaraq, mənə elə gəlir ki, həmin görüş heç-heçə fonunda oyun idi. "Zirə"nin Bakıda qələbə qazanmamasına səbəb də, bir oyunçunun hardasa oyun intizamından düşməsidir. Salif Summa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovuldu. Bu da təsirini göstərdi.
- Salifu Summanın meydandan qovulması “Zirə”nin mərhələ keçməməsində neçə faiz rol oynadı?
- Summanın qırmızı vərəqə ilə cəzalandırılması oyunun 100 faiz nəticəsinə təsir etdi. Çünki 40-cı dəqiqədəyə qədər "Zirə"nin rəqibini yaxşı analiz etdiyi görünürdü. Məhz həmin andan sonra rəqibin üstün tərəfləri oyunun sonlarına yaxın görünə bilərdi. Amma bu da bir fərziyyə idi. "Şerif"in kondisional keyfiyyətləri yuxarı ola bilərdi. Amma "Zirə" taktiki baxımından yaxşı oyun üslubu seçmişdi.
- Yəqin ki, bu qədər keçiləsi, hazır olmayan “Şerif” bir də görmək mümkün olmayacaq?
- Tam razıyam. "Zirə" ilə matçlarda "Şerif"də böyük üstünlük də görünmürdü. Bəlkə də son illərin ən zəif "Şerif"i idi. Hər halda, bunu gördük. Amma o tərəfini də söyləyim ki, "Şerif" də yeni yığılmış komandadır. Onların da hələ yüksəlişdə olacaq oyunlarını ola bilsin ki, gördük. Çünki komandada potensial görünürdü.
- Rəşad Sadıqov matçdan sonra bildirdi ki, epizoda baxacaqlar və əgər lazım olarsa, Summaya böyük cəza verə bilər. Onun lazımsız vəziyyətdə qırmızı alaraq komandasını pis vəziyyətdə qoyduğu üçün Summanın komandadan göndərilməsi belə, baş verə bilər? Yoxsa, pul cəriməsi daha uyğun görərlər?
- Əslində, Rəşad Sadıqov komandasını daha yaxşı tanıyır. Məncə, Rəşadın hər hansı qərarı kimsə tərəfindən müzakirəyə səbəb ola bilməz. Çünki bizim hardasa dediyimiz həvəskar qərarlar, çox da elə vacib deyil. Hər bir baş məşqçi öz komandasını daha yaxşı tanıyır. Rəşad da "Zirə"ni həmçinin. Hansısa gedişlər bu gün olarsa, baş məşqçinin qərarına hamı hörmətlə yanaşmalıdır. Birmənalı şəkildə belədir.
- “Zirə” penaltilər seriyasında uğursuz oldu. Azərbaycan klubları 10-cu dəfə penaltilər seriyasından uğursuz çıxdı. Sizcə, səbəb nədir, həyəcan, təcrübəsizlik, yoxsa oyundan öncə hazırlaşmamaq?
- Azərbaycan klublarının çoxunun Avropa təcrübəsi azdır. Bura gələn çox futbolçu da yeni parlayan, yeni parlamaq istəyən oyunçulardır. Hətta "Zirə"nin penalti seriyasında pis çıxış etmədiyini düşünürəm.Tyaqo Silva iki zərbə zamanı topa əli ilə toxundu, çıxara bilərdi. Fuad Bayramovun penalti zərbəsi dirəkdən qayıtdı. Penaltilər hər zaman şansdır, lotoreya kimidir. Kim psixoloji sakit olursa, həmin komanda da qalib gəlir. Hazırlaşıb-hazırlaşmamaq deyil, burada psixoloji amil var idi. Fuad Bayramovun hardasa bir az gənc olması, topun dirəyə dəyməsinə də təsir etdi.
- Bu cür məğlubiyyətdən sonra "Zirə"nin psixoloji cəhətdən toparlanıb, Konfrans Liqasının oyununa mental olaraq tam hazır çıxacağına inanırsız? Rəşad Sadıqov yəqin ki, dördüncü günə qədər daha çox bunun üzərində işləyəcək?
- Rəşad Sadıqov yaxşı motivatordur. O, komandasını yaxşı kökləyərək, meydana buraxacaq. Buna inanıram. Futbol elə oyundur ki, burada bəzən məşqçidən də çox şey asılı olmur. Hər bir futbolçunun meydançada hər hansı intizama bir saniyə riayət etməməsi, məşqçinin ən ideal işini yerə vurur. Ona görə də, düşünürəm ki, Rəşad Sadıqov komandanı yaxşı kökləyərək, meydana buraxmaq gücündədir.
- Konfrans Liqasındakı rəqib isə Slovakiyanın "DAK Dunayska Streda" klubudur. Hansı ki, ötən mövsümü "Slovan"ın ardından ikinci pillədə başa vurublar. Sizcə, "Zirə" Slovakiyadan olan rəqibini keçəcək gücdədir və uğurlu nəticəyə inanırsız?
- Son dönəmlərdə Slovakiya futbolunda inkişafı görmüşük. Buna da sübut kimi milli komandanın çıxışı olub. Avropa çempionatında yaxşı çıxış etdilər. Bəlkə də, "DAK Dunayska Streda" "Şerif"dən zəif komanda deyil. Çətin oyun olacaq. Onlar çox sürətli futbol oynayırlar. Slovakiya klubunun da yeni parlayan və əks-hücumda çox yaxşı oynayan futbolçuları var.
- Yeri gəlmişkən, "Zirə" artıq "Şerif" kimi komanda ilə qarşılaşıb və iki ağır oyun keçirib. "DAK Dunayska Streda" isə bu mövsüm ilk oyununu "Zirə"yə qarşı keçirmiş olacaq. Bunun "Zirə" üçün müsbət, "DAK Dunayska Streda" üçün mənfi tərəfləri var?
- Burada həm müsbət, həm mənfi cəhətləri var. Hətta rəqibin də müsbət cəhətləri var ki, artıq "Zirə"nin oyunun görüblər və analiz ediblər. Məncə, Rəşad Sadıqov da əks və yeni bir şeylər hazırlayır. Futboldur da. Kim daha hiyləgər oldu, kim daha alternativ yollar fikirləşdi, o da qalib gələcək. Amma yenə də, futbolçuların meydançadakı dayanıqlılığı var və onu qorumaq, sona qədər çatdırmaq vacibdir.
- Bakıdakı görüşdə Ayyub Allaş sonradan meydana daxil olaraq matçın qəhrəmanı oldu. Bir qol, bir asistlə oynadı və penaltilər seriyasında son nöqtəni qoyaraq "Şerif"i növbəti finala çıxardı. Baş məşqçiləri də Allaşdan "coker" kimi istifadə etdiklərini dedi. Allaşın "Zirə"ni öncədən tanıması həm özü, həm də "Şerif" üçün böyük üstünlük oldu?
- Allaşın nə qədər yaxşı futbolçu olduğunu biz öz çempionatımızda görmüşük. Onu "Qəbələ"də daha yaxşı görürdüm. Amma "Şerif"də onu görmədim. Ola bilər ki, komandaya uyğunlaşmayıb. Hər halda, Allaş yaxşı futbolçudur, yaxşı zərbələri var. Azərbaycan çempionatındakı oyunundan yadımızda qalan odur ki, liderlik keyfiyyətə sahibdir. Allaş haqda çox sözlər deməyə dəyməz. Düşünürəm ki, Summanın qırmızı vərəqə alması, Allaşın da özünü göstərməsinə səbəb oldu. Bəlkə də Summa meydanda olsaydı, belə şeylər heç görməyəcəkdik. "Zirə" oyunu penaltilərə qədər gətirməsi də təqdirəlayiqdir. Böyük ölçüdə "Zirə"ni qınamaq da doğru olmazdı.