Azər Əliyev “Beşiktaş”la matçı buraxacaq
05.08.2023 - 22:19
Azər Əliyev “Beşiktaş”la matçı buraxacaq

“Neftçi”nin zədəli futbolçusu Azər Əliyevin durumuna aydınlıq gəlib. 

Klubdan apasport.az saytına verilən məlumata görə, Konfrans Liqasının II təsnifat mərhələsinin “Jelezniçar”la cavab matçında zədələnərək meydanı tərk edən müdafiəçidə ciddi xəsarət yoxdur. 

“Neftçi”nin həkimi Şaiq Zöhrablı Bakı təmsilçisinin mətbuat xidmətinə bildirib ki, Əliyevin ağrıları azaldıqdan sonra komandaya qoşulacaq: “Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.

Bu isə o deməkdir ki, təcrübəli müdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin Bakıda “Beşiktaş”la keçiriləcək ilk görüşündə “Neftçi”yə kömək edə bilməyəcək. 

Qeyd edək ki, “ağ-qaralar” Türkiyə təmsilçisi ilə ilk oyununu avqustun 10-da “Neftçi Arena”da, cavab qarşılaşmasına 1 həftə sonra “Beşiktaş” stadionunda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0