Azərbaycan avarçəkəni dünya ikincisi oldu
10.10.2022 - 16:05
Azərbaycan avarçəkəni dünya ikincisi oldu

Uelsin Pembrukşir şəhərində sahil avarçəkməsi üzrə dünya çempionatına yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Diana Dimçenko təmsil edib. 

Yığma komandamızın üzvünün çıxışı uğurlu alınıb. Diana irlandiyalı 2 qat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin kimi avarçəkənlərin yer aldığı ilkin mərhələni birinci yerdə başa vurub. 17 nəfərlik qrupda mübarizəyə başlayan Diana təsnifat yürüşündə finişə 25 dəqiqə, 52 saniyəyə çataraq ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb. Bu nəticə ilə təmsilçimiz A finalında yarışmaq hüququ qazanıb. 

Həlledici mərhələdə də 17 idmançı mübarizə aparıb. Kifayət qədər titullu avarçəkənlərin yarışdığı həlledici yürüşdə Dimçenkonu dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan idmançımız dünya çempionatının gümüş medalına sahib olub. Birinci yeri Fransa, 3-cü yeri isə isveçli avarçəkən tutub. 

Qeyd edək ki, Dimçenko 2018 və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.
 

writer photo
Əlirza Əlirzalı
0