Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar.
Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar.
Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutublar.
Qadınların yarışında “Sumqayıt-1” qalib olub. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, ölkə çempionatında fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Yarışa aprelin 8-də yekun vurulacaq.