“Kəpəz”in futbolçusu Olavale Onanuqa apasport.az saytına müsahibə verib.
- Yeni il bayramını hansı ölkədə keçirdin? 2023-cü il sənin üçün necə keçdi?
- Yeni ili ölkəmdə, Nigeriyada keçirdim. Hər il mübarizə deməkdir. Keçən il də bu cür yadda qaldı. Daim mübarizə aparmalısan. Çalışdım ki, komandama kömək edim.
- Yayda Albaniya karyeranı sonlandıraraq Azərbaycana gəldin. Doğru addım atdığını düşünürsən?
- Əlbəttə, Azərbaycana gələrək doğru addım atdım. Çünki Azərbaycan Premyer Liqasına gəlməklə əsl inkişaf etdim. Bir çox məqamlarda bunu qeyd edə bilərəm. Onlardan biri də odur ki, Azərbaycanda futbolun səviyyəsi Albaniyadakından daha üstündür. Çempionatlar arasında fərq var.
- Bəs, sabiq komandan "Kastrioti" ilə "Kəpəz"i necə müqayisə edərdin?
- “Kəpəz”i “Kastrioti” ilə müqayisə etmək istəmirəm. Bayaq dediyim kimi, Azərbaycan çempionatı Albaniya liqasından yuxarıdadır. Bu mənada, sabiq və indiki komandalarımı müqayisə etməyə ehtiyac görmürəm.
-"Kəpəz"dəki karyeran necə alınır? Komanda mövsümün ilk yarısını 9-cu pillədə başa vurdu. Səncə, daha uğurlu çıxış etmək mümkün idi?
- Karyeram burada yaxşı alınır. Mövsümün ilk yarısında da meydana çıxdım. “Kəpəz” üçün ən yaxşısını etməyə çalışırdım. Qarşıda bizi toplanış gözləyir. Həmin toplanışı yaxşı keçərərək mövsümün ikinci yarısına hazır olmağa çalışacağıq. 2024-cü ildə daha uğurlu çıxış edəcəyimizə inanıram.
- Necə düşünürsən, "Kəpəz" Premyer Liqada qalmağı bacaracaq?
- Bəli, inanıram ki, “Kəpəz” Premyer Liqada qalacaq. Buna çox inanırıq. Mövsümün qalan hissəsində də mübarizəmizi aparacağıq.
- Ev oyunlarınızı Gəncədə yox, Tovuzda keçirirsiz. Bu da stadiona görədir. Ümumiyyətlə, Gəncə stadionunda şəraitsizlik var idi. Orada oynamaq çox çətin olurdu?
- Bəli, oyunlarımızı Tovuzda keçirirk. Amma sizə deyim, bu bizim üçün yaxşıdır. Biz artıq yavaş-yavaş Tovuz stadionuna öyrəşirik.
- Mövsümün ilk yarısında yaxşı performans göstərdin. Maraqlıdır, sənə başqa klublardan təkliflər var? Yoxsa, "Kəpəz"də qalmağı planlaşdırırsan?
- Bütün fikrim “Kəpəz”lə bağlıdır. Qarşıdakı oyunlara fokuslanmışam. Amma necə olacaq, nələr baş verəcək, bunlar hamısı Allahın əlindədir. Mən işimi görürəm, mübarizə aparıram.
- Azərbaycan Premyer Liqasında daha çox hansı komandaya qarşı oynamaq ağır və çətindir? "Qarabağ" hazırda birinci pillədədir. Səncə, bu komandanın qarşısını hansı komanda ala bilər?
- Azərbaycan Premyer Liqasında rəqabət çox yaxşı səviyyədədir. Bu liqada istənilən komanda ilə oynamaq ağır və çətindir. “Qarabağ”a gəldikdə, məncə, liqada istənilən komanda onları dayandıra bilər.