Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Oğlanlardan ibarət yığmanın böyük məşqçisi Vüqar Məmmədov bildirib ki, 32 ölkənin qatıldığı yarışdan 4 medalla qayıtmaq sevindirici haldır: “Yarışa yaxşı hazırlaşmışdıq. Mərhələli təlim-məşq toplanışlarımız oldu. Çəkilən əziyyət bəhrəsini verdi. Boksçularımız güclərini göstərdilər, inamlı qələbə qazandılar. Bu yaş qrupu üzrə yığmamızın perspektivi yüksəkdir. İnanıram ki, Avropa birinciliyində 4-cü yeri tutan komanda növbəti illərdə daha çox medal qazanaraq yuxarı pillələrdə qərarlaşacaq”.
52 kq çəkidə Avropa çempionu tituluna yiyələnən Şahin Aslanov daha böyük uğurlarının qarşıda olduğunu deyib. Onun sözlərinə görə, artıq hədəfi növbəti beynəlxalq yarışlarda eyni uğuru təkrarlamaqdır: “Startda ukraynalı rəqibimi 5:0 hesabı ilə məğlub etdim. Ardınca ingilis boksçu ilə qarşılaşdım. Demək olar ki, çəkimdə ən güclü rəqib o idi. Lakin mənim üçün keçilməz olmadı. Gürcüstanlı boksçuya qalib gəlib, finalda bolqarıstanlı idmançı üzərində də qələbə qazandım. Avropa çempionu olduğum üçün sevincliyəm. Qələbəm bununla bitməyəcək, davamının gəlməsi üçün daha çox çalışacağam”.
Digər Avropa çempionumuz Səftər Məmmədzadə (90 kq) də ilk uğuru ilə kifayətlənmək niyyətində deyil. Yarımfinalda erməni rəqibi üzərində qələbə qazanan boksçu buna borclu olduğunu vurğulayıb: “Avropa birinciliyinə çox yaxşı formada yollanmışdım. Məşqlərdə əziyyət çəkmişdim. Bunun üçün Avropa çempionluğunu gözləyirdim. Çəkimdə erməni boksçu olduğunu da bilirdim. Onu yarımfinalda nokaut etmək mənim üçün böyük fəxrdir. Bu qələbəmi Vətən müharibəsinin şəhidlərinə həsr edirəm. Döyüşə çıxdıqda da gözlərim önündə məhz 44 günlük müharibə canlandı. Bu səbəbdən də uduza bilməzdim. Üzərimdə əziyyəti olan məşqçilərə təşəkkürümü bildirirəm. Bundan sonrakı əsas hədəfim isə qarşıdakı dünya çempionatıdır. Mundialda da Azərbaycan himnini səsləndirmək istəyirəm”.
Qeyd edək ki, 380 boksçunun qatıldığı Avropa birinciliyində Şahin Aslanovla (52 kq) Səftər Məmmədzadə (90 kq) qızıl, Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) bürünc medal qazanıb.