Azərbaycan çempionu: “Yarış mənim üçün uğurlu keçmədi” - MÜSAHİBƏ
15.02.2023 - 11:12
Azərbaycan çempionu: “Yarış mənim üçün uğurlu keçmədi” - MÜSAHİBƏ

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib. Apasport.az həmin müsahibəni təqdim edir.

- Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsən?
- Ölkə çempionatı güclü yarış idi. Turnirdə iştirak edən altı qrossmeyster o cümlədən gənc şahmatçılar inamlı mübarizə nümayiş etdirdi. Əslində, yarış mənim üçün uğurlu keçmədi. Şükür olsun ki, sonda çempion olmağı bacardım. Sadəcə tam ürəyimcə olmadı.

- Hər halda nəticədən razısan?
- Nəticədən razıyam. Son turlarda lazımi nəticələri əldə etməklə birinci yeri təmin etdim. 

- Ardıcıl iki dəfə Azərbaycan çempionatının qalibi oldun. Hansı ildə qələbə qazanmaq daha çətin idi?
- Ötən il yarış 7 turdan ibarət oldu. Keçən ildə də startda ardıcıl üç qələbə qazanmışdım. Bu il 10 tur oynadım. Fərqləndirmək çətindir. Bəlkə də bu ilki yarış daha güclü idi. Çünki son tur ərəfəsində 4 şahmatçı çempionluq şansını saxlayırdı. 

- Rəqiblərin çıxışı barədə nə deyə bilərsən?
- Ölkə çempionatına bütün şahmatçılar güclü hazırlaşmışdı. Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadan başqa, milli komandadakı digər həmkarlarım bu yarışda iştirak etdi. Gülnar Məmmədova, Xanım Balacayeva yaxşı mübarizə sərgilədi. Gənc şahmatçılardan danışmaq istərdim. Nərmin Abdinova, Ayan Allahverdiyeva yaxşı oynadılar. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar və reytinqlərini artıracaqlar. 

- Kim səni yaxşı mənada təəccübləndirdi?
- Nərmin Abdinovanı qeyd edə bilərəm. Yaxşı şahmatçı olduğunu bilirdim. Amma çempionatda kifayət qədər maraqlı oyun göstərdi. Onunla görüşdə qalib gəlməyimə baxmayaraq çox çətinlik çəkdim.  Sanki mənim uşaqlıqda oynadığım kimi mübarizə aparırdı. 

- Son tura gələndə kimlər sənə dəstək oldu?
- Dostlarım yazmışdı. Aydın Süleymanlı və Məhəmməd Muradlı mənə dəstək oldu. Aydın yazmışdı ki, sən bunu bacaraqsan. Hər ikisinə təşəkkür edirəm. 

- Martda şəxsi Avropa çempionatında iştirak edəcəksən. Qitə birinciliyində əsas hədəf nə olacaq? 
- Avropa çempionatında həm də Dünya Kubokuna vəsiqə qazanmaq uğrunda mübarizə olacaq. Amma Dünya Kubokunda iştirakım dəqiqləşib. 20 yaşadək şahmatçıların dünya çempionatında qələbə qazanmaqla Dünya Kubokuna vəsiqə əldə etmişəm. Ölkə çempionatında 2400 reytinqimi keçə bilmədim. Avropa çempionatında çalışacam reytinqimi artırım və mükafatçılar sırasında yer alım.

- Gənclər arasında dünya çempionluğundan sonra həyatında nə dəyişdi?
- Bu qədər diqqət olacağını gözləmirdim. Bakıya qayıtdıqdan sonra bir həftə demək olar bütün televiziya kanallarında qonaq oldum. Mənə göstərilən diqqətə görə hamıya təşəkkür edirəm. Ciddi dəyişiklik olduğunu deməzdim. Sadəcə bəzən küçədə tanıyırlar, şəkil çəkdirirlər.

writer photo
Əlirza Əlirzalı
0