“Qarabağ” Avropa Liqasının qrup mərhələsində səfər oyunlarını başa vurub.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri rəqib meydanındakı hər üç qarşılaşmada qol sevinci yaşayıb.
“Olimpiakos”u 3:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu “Frayburq”la “Nant”a eyni 1:2 hesabı ilə uduzub. Ağdamlılar səfərdəki üç görüşdə 5 qol vurub.
“Qarabağ”ın hər üç matçda qol vurması Azərbaycan futbolu tarixində ilkdir. İndiyədək heç bir komandamız avrokubokların qrupundakı bütün səfər görüşlərində qol vurmayıb. Hətta daha aşağı səviyyəli Konfrans Liqasında da belə uğur mümkün olmayıb.
Qeyd edək ki, “Qarabağ” qrupda keçirdiyi 5 oyundan dördündə rəqib qapısına yol tapıb.