Azərbaycan dünya korporativ oyunlarını 8 medalla başa vurub
19.08.2024 - 11:25
Azərbaycan dünya korporativ oyunlarını 8 medalla başa vurub

Avqustun 17-18-də Rusiyanın paytaxtı Moskva şəhərində I dünya korporativ oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycanı yarışlarda təmsil edən müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar oyunları 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.

Oyunların şahmat yarışlarında AZAL-ın əməkdaşı Fidan Ağaşıyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov qızıl medallara sahib olublar. Daha bir qızıl medalı isə voleybol yarışlarında ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb.

Stolüstü tennisçimiz Svetlana Kayumova (SOCAR) ikinci olub. Bu idman növünün qarışıq komanda yarışlarında Əli Bayramov (FHN) və Svetlana Kayumovadan (SOCAR) ibarət cütlük gümüş medala layiq görülüb. 

Basketbol yarışlarında A finalında mübarizə aparan kişilərdən ibarət basketbol komandamız (Fövqəladə Hallar Nazirliyi) bürünc medal qazanıb. B finalında mübarizə aparan basketbol üzrə qadınlardan ibarət komandamız (AZAL) gümüş, voleybol üzrə qadınlardan ibarət komandamız (SOCAR) isə bürünc medal qazanıblar.

writer photo
Əlirza Əlirzalı
0