Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə 2023-cü ilin geridə qalan dövründə təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.
Bu müddətdə 126 ölkə idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.
Ölkəmiz dünyanın 58-cisidir. Azərbaycanın hesabında 112 xal var.
Təmsilçilərimiz ötən cədvəllə müqayisədə 5 pillə geriləyib. İndoneziya, İrlandiya, Mərakeş, Rumıniya, Yamayka, Litva və Uqanda Azərbaycanı arxada qoyub. İordaniya və Monqolustan isə daha çox geriləyərək yığmamızdan aşağı yuvarlanıb.
Toplanan xallar 5 idman növündə qeydə alınıb. Boksda 52, cüdoda 27, taekvondoda 15, atletikada 10, qılıncoynatmada 8 xal əldə olunub.
Bu xallardan 83-ü kişi idmançıların hesabındadır. Yığmamız bu göstəricidə dünyada 50-cidir. 29 xala malik qadınlar 65-ci yerdə qərarlaşıb. Azərbaycan Avropada 31-ci yerdədir.
Qeyd edək ki, reytinqə 4396 xala malik ABŞ başçılıq edir. Fransa 2375 xalla ikinci, 2364 xala malik Avstraliya üçüncüdür.