Qadın voleybolçular arasında Azərbaycan çempionatının təqvimində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yanvarın 13-də keçirilməli olan "Murov" – UNEC oyunu təxirə salınıb. Buna nominal qonaqların heyətində kütləvi yoluxma baş verməsidir.
UNEC-in rəhbərliyi bununla bağlı federasiyaya müraciət edib. Bildirilir ki, komandanın 8 oyunçusu qrip və yüksək hərarətdən əziyyət çəkir: "Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də "Murov" klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun".
Yaranmış vəziyyəti nəzərə alan federasiya rəhbərliyi "Murov" - UNEC qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri hələ dəqiqləşməyib.
Qeyd edək ki, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.