Azərbaycan millisinə PROQNOZ: “AFFA-nın səbrinə həsəd aparmaq olar”
13.06.2022 - 16:48
Azərbaycan millisinə PROQNOZ: “AFFA-nın səbrinə həsəd aparmaq olar”

Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin IV turunda bu gün Belarusu qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, belaruslu futbol eksperti Anton Martıseviç “Dalğa Arena”da baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb.

Mütəxəssisin fikrincə, iki uğursuz komanda üz-üzə gələcək və aşağı tempdə, keyfiyyətsiz mübarizə olacaq:

Bukmeker kontorları bu cütlükdə ev sahiblərini favorit hesab edir. Üstəlik, matçın məhsuldar keçməyəcəyini də təxmin etmək olar. Ümumiyyətlə, belə futbol kimə lazımdır? Bu görüşün nəticəsi yalnız kimin C liqasında qalacağına, kimin isə D liqasına düşəcəyinə aydınlıq gətirə bilər. Azərbaycan 15, Belarus isə 10 oyundur qələbə üzü görmür.

Qrupun ikinci turunda Azərbaycanla qolsuz heç-heçədən sonra Belarusda baş məşqçi Georgi Kondratyev qovulmaqla hədələnmişdi. Onun həmkarı Canni de Byazinin isə bu baxımdan problemi yoxdur. Azərbaycan futboluna rəhbərlik edən AFFA-nın səbrinə ancaq həsəd aparmaq olar. İtaliyalı mütəxəssisin rəhbərliyi altında Azərbaycan yığması keçirdiyi 25 görüşdən cəmi 2-də qalib gələ bilib.

Azərbaycan 2022-ci ildə keçirdiyi 5 oyunda hələ qol vurmayıb və matçlarda orta hesabla rəqib qapılarına 3,6 zərbə endirib. Belarusun statistikası isə daha yaxşı görünür: 5 qol və hər görüşdə çərçivəyə orta hesabla 3,75 zərbə. İnsaf naminə Belarus hazırda optimal heyətlə oynamır. 2020-ci ilə qədər millinin lideri olan bir neçə oyunçu karyerasını başa vurub. Həmçinin bir çox futbolçu da zədə ucbatından çağırılmayıb. Azərbaycan millisinin isə heyətlə bağlı xüsusi problemi yoxdur.

Hər iki komanda çox az xal toplayır. Azarkeş marağının sürətlə itdiyi iki uğursuz komandanın dueli bizi gözləyir. Hər iki baş məşqçi yaxın gələcəkdə postunu itirə bilər. Çünki onların rəhbərlik etdiyi komandalar darıxdırıcı, səmərəsiz və təsirsizdir. Yalnız onların müdafiədəki çıxışını qeyd etmək olar. Qrupda Belarusun aktivində 1, Azərbaycanda isə 0 qol var. Bu mənfi tendensiyanın kəskin şəkildə dağılacağını gözləmək çətindir. Ola bilsin ki, sentyabrda başqa məşqçilərin rəhbərliyi altında daha yaxşı çıxış etsinlər.

Proqnozum: 1,5 ALT
 

writer photo
Əlirza Əlirzalı
0