Azərbaycan çempionatının II Liqasında xoşagəlməz hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, IX turun “Göygöl” – “Şəki Siti” oyunu yarımçıq qalıb.
Bu barədə qərarı görüşün baş hakimi Rövşən Rəcəbov verib. O, matçı 83-cü dəqiqədə dayandırıb. Referi bu addımı təhlükəsizliyin təmin olunmaması ilə əsaslandırıb.
Həmin vaxt hesabda 1:2 hesabı ilə geridə olan meydan sahiblərinin mətbuat xidməti qarşılaşma ilə bağlı bəyanat yayıb: “Qarşılaşmanın 80-ci dəqiqəsində hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib. O, meydançanı tərk edərkən hakim Rövşən Rəcəbov futbolçunu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. Referi onu münaqişəyə təhrik edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Ardından hakim polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb”.
Ədalət təmsilçisinin idarəçiliyindən narazı qalan “Göygöl” rəhbərliyi AFFA-nın məsələ bağlı qərarını gözləyir: “Onun matçı idarə edə bilməməsi, kobud səhvlərə yol verməsi, öz səriştəsizliyi səbəbindən oyunu yarıda buraxmasını nəzərə alaraq, bu şəxsin cəzalanması və matçın yenidən keçirilməsi vacibdir. Bununla bağlı AFFA-ya müraciət olunacaq. Hakim qarşılaşmanın gedişində də qərəzli qərarlar verib, sarı və qırmızı vərəqələrdən yanlış və qərəzli şəkildə istifadə edib”.
Bəyanatda Rövşən Rəcəbovun bukmeker kontorları ilə əməkdaşlığı ilə bağlı sərt ittiham da yer alıb: “Hakimin vəzifə səlahiyyətlərindən yararlanaraq Azərbaycanda qadağan olunan mərc platformaları ilə əməkdaşlığından, bu yolla qeyri-qanuni gəlir əldə etməsindən də şübhələnirik. Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə hallar yolverilməzdir. AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edirik”.
Qeyd edək ki, matçın taleyi ilə bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək.