Azərbaycanın üç boksçusu Avropa kubokunda mərhələ adladı
10.10.2023 - 10:18
Azərbaycanın üç boksçusu Avropa kubokunda mərhələ adladı

Monteneqronun Budva şəhərində boks üzrə Avropa kuboku davam edir. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

29 ölkədən 156 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb. Boksçularımızdan Tayfur Əliyev (60 kq) ilk döyüşünü qələbə ilə başa vurub. 1/8 final çərçivəsində Cuzeppe Kanoniko (İtaliya) ilə qarşılaşan Avropa Oyunlarının mükafatçısı inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti döyüşünə oktyabrın 12-də çıxacaq. Əliyevin rəqibi Rusiyanı təmsil edən Arşak Tovmasyan olacaq.

Tayfurun qardaşı Sərxan Əliyev də Avropa kubokuna qələbə ilə start verib. 71 kq çəkidə rinqə çıxan boksçu Toni Cası (İBAN) 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. Əliyev 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək. Döyüş oktyabrın 12-də olacaq.

63,5 kq-da Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb. O, 1/8 final mərhələsində Bartumey Roskovici (Polşa) mübarizədən kənarlaşdırıb. Boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Həsənov ikinci döyüşündə fransalı Lounes Hamraouini sınağa çəkəcək. Qarşılaşma oktyabrın 11-də olacaq.

Qeyd edək ki, Avropa kubokunun 3-cü günündə millimizin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) Cianis Salotski (Belarus) ilə, Nəbi İsgəndərov (67 kq) Adrian Krusla (İspaniya) gücünü yoxlayacaq.

writer photo
Əlirza Əlirzalı
0