Zədə səbəbindən bir neçə turu buraxan “Tuzlaspor”un futbolçusu Bəxtiyar Həsənalızadə apasport.az saytına müsahibə verib:
- Uzun müddət zədədən əziyyət çəkdin. Hazırda vəziyyətin necədir, artıq məşqlərə başlamısan?
- Bəli, artıq komanda ilə məşqlərə başlamışam. Özümü yaxşı hiss edirəm. Yaxın zamanda oyunlarda iştirak edəcəm. Hər şey qaydasındadır. Əslində, ciddi bir problemim yoxdur. Sadəcə iki zədə arxa-arxaya oldu. Ona görə də geri qayıtmağım uzun çəkdi. Klub nə lazımdırsa, mənim üçün etdi.
- Səncə, yenidən əsas heyətə qayıtmaq mümkün olacaq?
- Bunun üçün çox çalışacam. Ümid edirəm ki, qarşıdakı oyunlarda meydanda olacam. Onsuz da, əsas heyətə düşmək üçün daim çalışmaq lazımdır. Mən də, bunu edəcəm. Növbəti görüşümüz “Keçiorengücü”nə qarşıdır. Bu matçda oynamaq ehtimalım böyükdür.
- “Tuzlaspor” liqadan düşmə zonasına çox yaxındır. Komanda bu təhlükəni nə vaxt üzərindən ata biləcək?
- Əlbəttə, ikinci liqaya düşmək istəmirik. Bunun baş verməməsi üçün çalışırıq. Lakin qarşıdan ağır oyunlar gəlir. Ümid edirəm ki, hər şey xeyrimizə olacaq. Həmin oyunlardan uğurla çıxmaq lazımdır. Məhz ondan sonra rahatlamaq olar. Yoxsa, bütün matçlar ağır və çətindir.
- Baş məşqçiniz “Fənərbaxça”nın sabiq futbolçusu Bekir İrtegündür. Onunla münasibətin necədir? Maraqlıdır, Azərbaycan futbolu və ya “Qarabağ” haqda heç səninlə danışıb?
- Baş məşqçi ilə münasibətim yaxşıdır. Hər dəfə zədəmin nə yerdə olduğu haqda da soruşurdu, mənimlə maraqlanırdı. Onunla tez-tez danışırıq. Sağ olsun, mənə çox güvənir. Mən də onun etimadını doğrultmağa çalışıram. Düzü, "Qarabağ" haqda onunla heç danışmamışıq. Amma təbii ki, burada hamı "Qarabağ"ı yaxşı tanıyır.
- Türkiyə klublarında daim maliyyə, maaş problemi olur. Sənin komandanda durum necədir? Maaşlarını alırsan?
- Maaşlarımızı alırıq. Hələ ki, ciddi problemimiz yoxdur. Sadəcə bir az gecikmə olur. O da bura üçün normaldır. Artıq mən də buna uyğunlaşmışam. Hər halda, nəticədə maaşımızı verirlər.
- Belə olan halda, iş yerini dəyişmək barədə düşünürsən? Yeni mövsümə Azərbaycanda başlamaq variantı nə qədər yüksəkdir?
- Bu haqda indidən nəsə demək çətindir. Çünki hələlik çempionatın tam ortalarındayıq. Oyunlar başa çatandan sonra bu haqda danışmaq olar. İndi "Tuzlaspor"dakı çıxışıma diqqətimi yönəltmişəm.
- Yeri gəlmişkən, Azərbaycan milli komandasının da üzvüsən. Hələ ki, milliyə baş məşqçi təyin edilməyib. Sən millidə yerli, yoxsa xarici məşqçi görmək istəyirsən?
- Xüsusi olaraq, kiminsə adını qeyd etməyim yaxşı olmazdı. Kim dəvət ediləcəksə, bizim vəzifəmiz çağırıldığımız zaman məşqlərimizi edib, oyunları da məsuliyyətlə oynamaqdır. Milliyə kimi baş məşqçi seçəcəklərsə, millətimiz və komandamız üçün xeyirli olsun.
- Son olaraq, Türkiyədə oynayan azərbaycanlıların sayı az deyil. Səncə, onlar içərisində ən uğurlu, işləri daha qaydasında gedən hansı futbolçumuzdur?
- Açığı, qarışıq vəziyyətdir. Ramil Şeydayevin komandası yüksək pillələrdədir. Nisbətən bəlkə də, Ramil rahat görünür. Coşqun Diniyev, Vüsal İsgəndərli, Sərtan Takşının komandaları da bizdən yuxarı pillələrdədir. Ancaq xal baxımından bizə yaxındırlar. Qarşıda oyunlar çoxdur. Hər şey dəyişə bilər. Sonda necə olacağını görəcəyik.