Bəxtiyar Musayev: "Foqts, De Byazi millidə elə-belə vaxt keçirib" - Müsahibə
16.05.2024 - 20:41
Bəxtiyar Musayev: "Foqts, De Byazi millidə elə-belə vaxt keçirib" - Müsahibə

Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev apasport.az saytına müsahibə verib.

- Premyer Liqada komanda sayının artırılmamasına münasibətiniz necədir?
- Könül istərdi ki, komanda sayı çox olsun. Amma bir tərəfdən də, kəmiyyətə yox, keyfiyyətə baxmaq lazımdır. Hələlik komanda sayı 10 olaraq saxlanıldı. Gələcəkdə istərdim ki, 12-14 olsun. Amma belə baxanda, buna çox da hazır deyilik. Birinci Liqa komandalarının səviyyəsini nəzərdə tuturam. Birdən-birə bir neçə komandanın gəlişi də, keyfiyyət baxımından Premyer Liqanın səviyyəsini aşağı sala bilərdi deyə, 10 komanda olaraq qalması məqsədəuyğun sayılıb. Amma düzü, komanda sayının 10 olaraq qalmasında böyük problem görmürəm.

-AFFA “Qəbələ”ni Premyer Liqada saxlamadı, buna münasibətiniz necədir?
- Çox təəssüf ki, "Qəbələ"nin Premyer Liqadan düşməsi təsdiqlənib. Bu, "Qəbələ" klubu adına çox üzücü xəbər oldu. Amma bir tərəfdən də, idman prinsipləri qorunmuş oldu. Bu da ənənəvi hala çevrilsə, yaxşı olardı. Gələcəkdə Birinci Liqa komandaları da öz işlərinə daha məsuliyyətlə yanaşarlar. Premyer Liqada çıxış edən komandalar da sonuncu olmamaq üçün daha da ciddi mübarizə apararlar. Amma yenə deyirəm, "Qəbələ" adına çox üzücü xəbər oldu. Bu cür infrastrukturu olan komandanın aşağı dəstəyə düşməsi bir az kədərlidir. Amma ümid edirəm ki, "Qəbələ"ni "Xəzər Lənkəran", "Karvan" və "Bakı"nın aqibəti gözləməz və tez toparlanaraq, akademiya və digər imkanlarını saxlayaraq, yenidən Premyer Liqaya güclü şəkildə dönərlər.

- Sizcə, Birinci Liqada hansı komanda var ki, Premyer Liqada oynamalıdır?
- Birinci Liqa oyunlarını mütəmadi izləmirəm, amma hərdən göz gəzdirirəm. Bu dəqiqə hansısa komandanın Premyer Liqa klublarıyla rəqabət aparması çətin görünür. Amma keçən ilki "Araz-Naxçıvan" nümunəsi də var. Bu mövsüm üçün Premyer Liqaya vəsiqə qazandılar, heyətdə köklü dəyişikliklər oldu, ilk iki dövrəni də çox inamlı çıxış etdilər, liqaya rəng qatdılar. Ümid edirəm ki, ilk pillənin sahibi olacaq komanda da gələcəkdə Premyer Liqaya vəsiqə qazananda, daha da güclənəcək və Premyer Liqada çıxış etmək xətrinə yox, rəqabət aparacaq komanda kimi özünü təsdiqləyəcək. Ümidim bunadır. Birinci Liqada və Premyer Liqada komandaların heyətləri müqayisə edilməzdir. Amma yüksək liqaya vəsiqə qazanandan sonra ümid edirəm ki, həmin Birinci Liqa komandası rəqabət yaradacaq komandaya çevriləcək.

- Legioner limitinin dəyişdirilməsi lazım idi, yoxsa 7+4 ən yaxşısıdır?
- Belə qərarın saxlanılması doğrudur. Klub sayı artırılmadı. 8+3 etmək barədə düşünürdülər. Amma komanda sayının az olmasına görə, 7+4 normaldır. Bu qərarlar çempionatın başlamasına 1 ay qalmış verilməməlidir. Bunu çox da peşəkar yanaşma olaraq görmürəm. Çünki hər klub bu qərarlara görə öz strategiyasını qurur. Öncədən klublar bilməlidir ki, limit məsələsi necə olacaq. Buna uyğun da komandada olan legioner və yerlilərlə müqavilə müddətini uzadıb-uzatmamaq iqtidarında olmalıdırlar. Belə qərarlar bir neçə il dəyişdirilməməlidir. Məsələn, bu il qərar verilirsə, ən azından 2 il qərar qüvvədə qalmalıdır. Klublar işlərini öncədən qurur. Yoxsa, son anda qərar qəbul olunursa, bu çox da doğru deyil. Ümid edirəm ki, bundan sonrakı iclaslarda bir neçə ilin strategiyası əvvəlcədən bilinər. 

- Milli komandaya isə Vladimir Vays və Ştefan Kuntzdan birinin gətiriləcəyi gözlənilir. Bu iki məşqçi arasında ən yaxşı variant hansıdır?
- Milli komanda yaralı yerimizdir. Hələ də məşqçi tapılmayıb, heç bir məşqçi ilə müqavilə bağlanmayıb. Vladimir Vays Gürcüstan millisindən, Slovakiyadakı komandalardan bilirik, təcrübəli məşqçidir. Amma millimizdə nə dərəcədə uğur qazanacaq, onu demək çətindir. Çünki yaş amili də var, nə cür çalışqan olacağını, nə cür işinə həvəslə yanaşacağını demək çətindir. Daha gənc, daha enerjili, müasir futbolun tələblərinə cavab verən, nəticəyə fokuslanan məşqçini millidə görmək istəyərdim. Ştefan Kuntz da Türkiyə millisində çox uğursuz oldu. Oyunlarını izləyirdim. Narazılıqlar var idi. Heyəti normal qura bilmirdi. Oyuna müdaxilələri olmurdu. Hər halda, biz millidə elə-belə vaxt keçirən məşqçiləri, Berti Foqtsu, Canni De Byazini də görmüşük. Hansı ki, məşqçiliyi bir yana, normal insani rəftarlarlarını da görmədim. Millimizə, futbol ictimaiyyətimizə yuxarıdan aşağı baxmaq kimi nümunələr var.

- Vladimir Vaysın Gürcüstan milli komandasında işləməsi, Qafqaz futboluna bələd olması bizim millidə də uğur qazana biləcəyinə əsas verir?
- Bəli, Vays Gürcüstan millisində işləyib. Qafqaz futbolunda bələddir... Amma bu, bir az köhnə fikirlərdir. İndi çox müasir dövrdür, hər bir komandanın oyununu izləyib, oyun planını görmək olur. Çox tez bir zamanda komandanı tanımaq mümkündür. Savadlı məşqçi bunların öhdəsindən çox tez zamanda gələ bilər. Daha müasir fikirli, daha gənc, daha enerjili məşqçiyə ehtiyacımız var. Vladimir Vaysın Gürcüstan millisində işləməsi o demək deyil ki, Qafqaz futbolunu bilir, gəlib Azərbaycanda da nəyəsə nail olacaq.

-Azərbaycan millisini Millətlər Liqasında İsveç, Slovakiya və Estoniyaya qarşı oyunlar gözləyir. Bu qrupda milli nəsə edə bilər?
- Azərbaycan millisi çətin qrupdadır. Slovakiya və İsveç milliləri bizdən aşkar üstündürlər. Təkcə Estoniya millisi var ki, biz onlardan üstün durumda görünə bilirik. Hər üçü ilə də yaxın vaxtlarda oynamışıq. İsveçi və Slovakiyanı udmuşuq. Amma aylar öncə də demişdim ki, həmin oyunlar İsveç və Slovakiya üçün önəm kəsb etmədiyi üçün meydana boş çıxmışdılar. Düzdür, qələbə qələbədir. Futbolçularımızı təbrik etmişdim. Qələbələrinə kölgə salmaq istəmirəm. Amma reallıq budur ki, indiki vəziyyətdə İsveç və Slovakiya bizdən çox güclüdür. Amma doğru strategiya, savadlı və yaxşı məşqçi ilə... Qazaxıstan və Gürcüstan millisində görürük ki, işə doğru yanaşmaqla, doğru taktiki göstəricilər verməklə, heyətə doğru-dürüst "11-lik" seçməklə, oyuna doğru müdaxilələr etməklə, stabil və normal milli komanda yaratmaq olar. Rəqib nə qədər güclü olursa-olsun, bunu etmək mümkündür. Qazaxıstan və Gürcüstan millilərinin çıxışı buna nümunədir. Ortaya savadlı iş qoymaqla, yaxşı oyun nümayiş etdirib, nəticəyə doğru irəliləmək mümkündür.

writer photo
Əlirza Əlirzalı
0