Bəxtiyar Musayev: “Kəpəz” daha ağır nəticələrlə üzləşə bilər”
07.11.2023 - 12:56
Bəxtiyar Musayev: “Kəpəz” daha ağır nəticələrlə üzləşə bilər”

“Eşitdiyimə görə, “Kəpəz”də maliyyə durumu yaxşı deyil. Komandaya gələn məşqçiyə də gərək şərait yaradasan ki, bu vəziyyətdən çıxsın”. 

Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Bəxtiyar Musayev deyib.

O, “Kəpəz”in düşdüyü vəziyyətə görə bütün günahın istefa verən baş məşqçidə olmadığını bildirib: “Kəpəz” daha ağır nəticələrlə üzləşə bilər. Azər Məmmədov yəqin ki, mövsümün əvvəlində ağır yükün altına girdiyini bilirdi. Təəssüf ki, alınmadı. Əvvəlcə komandaya şərait yaradılmalıdır. Çünki Gəncə klubu büdcə baxımından çox geri qalır, heyətə yaxşı futbolçular cəlb edə bilməyib. Komanda futbolçuların potensialına görə də açıq-aşkar çox pis vəziyyətdədir. Təcili şəkildə qış transfer dönəmində komandaya yaxşı futbolçular cəlb olunmalıdır”.

Musayev pis vəziyyətdə olan Gəncə stadionu ilə bağlı problemin də həll edilməsini vacib sayır: “Komanda son ev oyunlarını doğma Gəncə şəhərində keçirmir. Bu da nəticələrə təsirsiz ötüşmür. Stadiondakı şərait istənilən səviyyədə deyil. Çempionat üçün yararsız durumdadır. Bu da komandanı azarkeş dəstəyindən məhrum edib. Bu problem həllini tapdıqdan sonra əcnəbi və ya yerli məşqçi gətirmək barədə danışmaq olar. Təbii ki, yeni məşqçinin yerli olmağını istəyərəm. Vacib olan “Kəpəz”i əvvəlki vəziyyətinə qaytarmaqdır. Zaman azdır, yəqin yeni məşqçi ilə danışıqlar aparılır”.

Qeyd edək ki, Misli Premyer Liqasının autsayderi olan “Kəpəz” “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra baş məşqçisi Azər Məmmədovla yollarını ayırıb.

writer photo
Əlirza Əlirzalı
0