Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi
- Ölkə kubokunun yarımfinal matçlarında "Qəbələ" "Səbail"i 3:2, "Turan Tovuz" "Neftçi"ni 1:0 məğlub etdi. Nəticələr sizin üçün gözlənilməz olmadı ki?
- Sürpriz olmadı. “Qəbələ”nin qalib gələcəyinə onsuz da şübhəm yox idi. Çempionatda “Səbail”dən üstün futbol oynayırlar. Turnir cədvəlindəki mövqeləri də bunu təsdiq edir. “Turan Tovuz” da evdə oynadığı üçün düşünürdüm ki, minimalhesabla da olsa, qələbə qazana bilər.
- "Neftçi"nin final şanslarını necə dəyərləndirirsiz? Sizcə, evdə geridönüş edə biləcəklər?
- “Neftçi” evdə qalib gəlməyə borcludur. Minimalhesablı məğlubiyyət olsa da, geridönüş edə bilər. Düşünürəm ki, finala vəsiqə qazanan tərəf onlar olacaq. Bəlkə də, “Neftçi” asan qələbə qazana bilməyəcək. Çünki onlar heyət baxımından “Turan Tovuz”dan üstün olsalar da, hər oyunda müdafiədə böyük boşluqlar verir. Bunlara baxmayaraq, düşünürəm ki, finala adını yazdıran komanda “Neftçi” olacaq. Çünki həm heyət, həm də hərtərəfli rəqibindən üstündür.
- "Neftçi" ölkə kubokunu qazana bilməsə, Laurentsiu Regekampfın postundan göndərilmək məsələsi gündəmə gələ bilər?
- Dəfələrlə demişəm ki, “Neftçi” kimi iddialı komanda üçün Laurentsiu Regekampf iddialı məşqçi deyil. Kuboku qazansalar belə, komandaya layiq məşqçi deyil. Onlar bu il kuboku qazanmağa borcludur. Çünki çempionluq şansı yoxdur, bütün ümidlər kubokadır. “Qarabağ” və “Sabah” kimi güclü rəqiblər də burada yoxdur.
- Premyer Liqada qalmaq uğrunda da gərgin mübarizə gedir. Necə düşünürsüz, sizcə Premyer Liqada hansı komanda qalacaq?
- Hələ üçüncü dövrə başlayanda aşağı dəstəyə namizəd kimi “Səbail”i göstərmişdim. Yenə də, öz sözümdə, düşüncəmdə qalıram. “Səbail”, “Şamaxı” və “Sumqayıt” arasında “iddialı” birincini göstərərdim. Ancaq istəməzdim ki, hansısa komanda Premyer Liqanı tərk etsin. Onsuz da komanda sayı elə də çox deyil. İki və dörd komandanın yüksək liqaya gəlməsini istəyərdim. Premyer Liqada azı 12 komanda olsa, daha da rəngarəng olar, yerlilərin də oynamaq şansı çox olar.