Bəxtiyar Musayev: “Ümidsizliyə qapılmağım bərbad baş məşqçisinin olmasıdır” - MÜSAHİBƏ
12.09.2023 - 14:50
Bəxtiyar Musayev: “Ümidsizliyə qapılmağım bərbad baş məşqçisinin olmasıdır” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə görüşdə də məğlub oldu. Həmin görüşdə yığmanın çıxışını necə dəyərləndirirsiniz? Məğlubiyyətə səbəb nə oldu?
- Təəssüflər olsun ki, yenə də uduzduq. Bu dəfə Belçikaya. Oyuna gəldikdə, bundan əvvəlki matçlara nisbətən millimiz daha inamlı, daha yaxşı çıxış etdi. Əsasən oyunçularımızın fərdi oyun bacarığı, fərdi keyfiyyətləri hesabına bir sıra epizodlar yaratdıq. Qol vurmaq olardı. Yaradılan epizodlardan istifadə edə bilmədik deyə, uduzduq. Heç-heçə də etmək olardı. Belçika nə qədər güclü olsa da, bir sıra vacib fiqurları yox idi. Məsələn, komandanın oyununu idarə edən Kevin De Bruyne oynamırdı. Bakıda onlarla heç-heçə etmək olardı. Uşaqlar fərdi bacarıq hesabına bir neçə epizod yaratmışdı. Təəssüf ki, dəyərləndirə bilmədik.

- Azərbaycan millisi qrupdakı dördüncü görüşündə üçüncü məğlubiyyətini aldı. Avstriya, İsveç və Belçikaya uduzmuşuq. Sizcə, qarşıdakı dörd rəsmi oyunda nəyəsə ümid etməyə dəyər, yoxsa dəyişən heç nə olmayacaq?
- Millimiz stabil çıxış etmir. Ona görə də, millimiz qalan dörd oyunda üçün yaxşı nəticələrə ümid verdiyini deyə bilmərəm. Çünki millidə komanda oyunu yoxdur, məşqçi işi heç görünmür. Bayaq dediyim kimi, futbolçularımızın fərdi bacarığı hesabına epizodlar yaradırıq. Onların dəyərləndirəndə, müsbət nəticə qeydə alınır, dəyərləndirməyəndə acı məğlubiyyətlər olur. Çoxu üçün aldadıcı ola bilər ki, Belçika ilə oyunumuz daha uğurlu alındı, millimiz doğru yoldadır. Mən belə olduğunu düşünmürəm. Çünki bu komandanın baş məşqçisinə heç bir güvənim, etibarım yoxdur. Ona görə də, qarşıdakı matçlarda millimizin artan qrafiklə yaxşı səviyyədə keçəcəyini deyə bilmərəm. Futbolçularımız fərdi ustalıq sayəsində qol vurarsa, onda bəlkə də hansısa matçda qələbə qazana bilərik. Amma gələcək üçün ümidlə baxmıram. Ümidsizliyə qapılmağımda ən böyük səbəbkarı komandanın bərbad baş məşqçisinin olmasıdır.

- Maraqlıdır, milli komandanın heyətində bəlkə də indiyə qədər bu qədər legioner həyatı yaşayan futbolçular olmayıb. Bəs indi yığmanın nəticə qazanmasına nə mane olur? 
- Əvvəlki illərə nisbətən, hazırda millinin heyətində legioner həyatı yaşayan çox futbolçu var. “Qarabağ”ın heyətində də püxtələşmiş, təcrübə qazanmış gənc, perspektivli futbolçularımızın sayı da az deyil. Onlar da yığmada yer alır. Bu millimiz son illərə baxanda ən rəqabətə davamlısıdır. Bir mövqe üçün bir neçə oyunçu rəqabət aparır. Hazırkı yığmamızla bundan çox yaxşı nəticələr əldə etmək olardı. Təəssüflər olsun ki, Millətlər Liqasında birinciliyi əldən verdik. Bu tsikldə də cəmi bir xala sahibik. Amma bu heyət bundan artığını edə bilərdi. Edə bilməməyimizin səbəbi Canni De Byazidir. Yaxşı oynadığımız oyunda da məşqçi işi görünmürdü. Özündən güclü komandalarla oynayanda məşqçi işi görünür, komanda standart vəziyyətlər zamanı maraqlı gedişlər edir. Amma bizdə standart vəziyyətlər zamanı ev tapşırığı, oyun sxemi yoxdur, necə hücum quracağıq, necə kompakt müdafiə olunacağıq, onların da heç biri görünmür. Sadəcə futbolçuların fərdi ustalığı hesabına bir neçə epizod yaratdıq. Komandamızın bu cür bərbad nəticələrini ən böyük günahkar baş məşqçidir. Nəinki işi görünmür... Hətta onun hər dəfə oyundan qabaq və ya sonrakı mətbuat konfranslarını diqqətlə izləyirəm. Onun bizim jurnalistlərə də yuxarıdan aşağı baxması, suallardan yayınması... Belçika ilə matçdan sonrakı mətbuat konfransında yersiz, “şit” zarafatlar edib. Jurnalistə deyir ki, qocalmısız, o biri bildirir ki, sizin yerinizə olsaydım, belə oyuna görə çox sevinərdim. Bu cür replikalar bərbad məşqçiliyindən savayı, insanda qıcıq yaradır.
 
- Milli komandamıza yerli baş məşqçinin təyin olunmasını istəyən mütəxəssislər, azarkeşlər az deyil. Sizcə, yerli baş məşqçi yığmaya uğurlu nəticə qazandıra bilər?
- Millinin baş məşqçisi ilə əlaqədar AFFA-nın verdiyi qərarlar birmənalı qarşılanmır. Nikola Yurçeviç, Berti Foqts, Canni De Byazi baş məşqçi təyin edilib. Yurçeviçin fəaliyyətini gördük, Berti Foqts bizdə çalışandan sonra təqaüdə göndərildi, heç yerdən təklif almadı. Canni De Byazi də belə olacaq. Milliyə baş məşqçi seçəndə böyük yanlışlara yol verildi. Qurban Qurbanovu milliyə gətirməklə doğru addım atılmışdı. Bir ildən sonra isə onunla işləməmək qərarı verildi. Canni De Byazi kimi məşqçilərdənsə, yerlilərimiz daha üstündür. Hətta daha yaxşı nəticələr qazana bilərik. Seçim etmək çox məsuliyyətlidir, o yükün altına girənlər bu məsuliyyəti dərk etməlidirlər.

- Bu gün yığma İordaniya ilə qarşılaşacaq. Rəqib FİFA reytinqində bizdən 40 pillə yuxarıdır. Onlarla oyun yığmamıza nə qazandıracaq?
- Bəli, millimizə hər oyun yeni təcrübədir. Gənc oyunçularımız da var. Nə qədər çox oyun sayı olsa, bir o qədər də millimizə, futbolçularımıza xeyri var. Elə-belə deyil ki, UEFA hər boşluq olanda, ondan istifadə edilməsini tövsiyə edib. İordaniya çox güclü rəqib sayılmasa da, hər görüş millimizə, əsasən də az şans qazanan futbolçular üçün yaxşıdır. Canni De Byazi imkan yaratsa, az oynayanlar da o boşluğu aradan qaldırar. 

writer photo
Əlirza Əlirzalı
0