Bəxtiyar Soltanov: “Ən yaxşı futbolçu seçiləcəyimi gözləmirdim”
13.06.2022 - 10:14
Bəxtiyar Soltanov: “Ən yaxşı futbolçu seçiləcəyimi gözləmirdim”

“Azarkeşlər sağ olsunlar, hava limanında bizi bu cür qarşıladılar, tək qoymadılar. Başda rəhbərlik olmaqla bütün komandamızı təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu mini futbol üzrə Azərbaycan millisinin hücumçusu Bəxtiyar Soltanov hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Soltanov Rumıniya ilə keçirilən final görüşündə çətinlik çəkmələrinə baxmayaraq, qələbə qazanmağı bacardıqlarını söyləyib: “Finala kimi çətin rəqibləri məğlub etmişdik. Ancaq finaldakı rəqibimiz altıqat Avropa çempionu Rumıniya idi. Oyunun məsuliyyətini hiss edirdik. Uşaqlar həmin matçda çox əziyyət çəkdilər”.

Turnirin ən yaxşısı seçilən futbolçu bunu özü üçün sürpriz adlandırıb: “Turnirin ən yaxşı futbolçusu seçiləcəyimi gözləmirdim. Amma oyundan sonra dedilər ki, sənə mükafat veriləcək. Həm çempion olmaq, həm də turnirin ən yaxşısı seçilmək mənim üçün ikiqat sevincdir”.

Qeyd edək ki, mini futbol üzrə Azərbaycanın millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0