“Bəzən hakimlər VAR sisteminə baxa-baxa dəqiqələr sonra yanlış qərarlar verirlər”
05.05.2024 - 15:10
“Bəzən hakimlər VAR sisteminə baxa-baxa dəqiqələr sonra yanlış qərarlar verirlər”

“Neftçi”nin sabiq futbolçusu, “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev Apasport.az saytına müsahibə verib.

-"Qəbələ"nin Premyer Liqada sonuncu olacağı dəqiqləşdi. Sizcə, onların birinci liqaya düşməsi Azərbaycan futboluna hansısa mənfi təsirini göstərəcək?

-Azərbaycan futbolu üçün öz təsirini göstərə bilər. Çünki infrastruktur, uşaqların yetişməsi baxımından pis təsir edə bilər. Bilmək olmaz, bu klub Birinci Liqaya düşərsə, dəstək və maddi durum necə olacaq. Zaman göstərəcək.

-Ötən mövsüm kubokun qalibi sizcə bu mövsüm niyə sonuncu oldu? Görünən budur ki, Elmar Baxşıyevin gedişi, Kaxaber Tsxadadzenin gəlişi də komandanı xilas etmədi. Sizcə, ümumiyyətlə, Kaxanı gətirməyin adı var idi?

-Ötən mövsümdən sonra bir neçə əsas oyunçuların gedişi və yeni gələn oyunçuların onların yerini doldura bilməməsi buna gətirib çıxardı. Amma istənilə halda, "Qəbələ" sonuncu olmamalı idi. Qaldı ki, məşqçi məsələsinə, istər Elmar Baxşıyev, istərsə də, Kaxaber Tsxadadze  özünü sübut etmiş məşqçilərdir. Hər ikisi də istədi, sadəcə alınmadı. Yayda gedən futbolçular oldu, yeniləri gəldi. Gedənlərin yerini doldura bilmədilər. Ona görə komanda toparlana bilmədi. “Qəbələ”nin başında sıradan məşqçilər olmayıb. Təcrübəli məşqçilərdir. Məşqçilər yaxşı olsa da, təəssüf ki, belə vəziyyət alındı.

-2024/2025 mövsümündən Premyer Liqamızda 12 komandanın olacağı gözlənilir. Yəqin ki, Birinci Liqanı izləmisən, məlumatlısan. Səncə, orada komanda var ki, gəlib Premyer Liqada rəqabət apara bilsin? Ən pis halda, şəraiti, infrastruktur olaraq, Premyer Liqaya uyğun klub var?

-Klubların çox olmamasını hamımız qeyd edirik. Ancaq gəlin kəmiyyətə yox, keyfiyyətə daha çox nəzərə alaq. Çox olmaq o demək deyil ki, inkişaf edirik. Dayanıqlı klub qurmaq lazımdır. Aşağı liqadakı klublarından baza baxımından “Zaqatala”, “İmişli”, “Şamaxı”nı qeyd etmək olar. Ancaq o bazalara yenidən baxılmalıdır. Rəqabətə gəlincə, maddiyyat bir çox məsələləri həll edir. Əsas klublara sponsorların cəlb edilməsidir. 

-Bu mövsüm əsas müzakirə mövzularından biri hakim səhvləridir. Sizcə, hakimlər qərəzlidir, yoxsa səviyyələri yüksək deyil deyə, bu cür müzakirəyə açıq qərarlar olur?

-Çempionatın sonu olduğuna görə 5-6 komandanın yüksək yerlər tutmaq şansı var və ona görə də hakim səhvəri daha çox görsənir. Qərəzli olub-olmamağını deyə bilmərəm, amma yetərincə səhvlər var. Çünki onların etdikləri hər yanlışlıq bir klubun və baş məşqçinin il boyu çəkdiyi əziyyətin üstündən xətt çəkir. Bəzən VAR sisteminə baxa-baxa dəqiqələr sonra yanlış qərarlar verirlər.

-Avrokuboklar uğrunda hazırda mübarizə aparan komandalar arasında bir vaxtlar baş məşqçisi olduğunuz "Sabah" və futbolçusu olduğunuz "Neftçi" də var. Sizcə, bu iki komandanın avrokuboklara yollanmaq şansı "Sumqayıt" və "Zirə" ilə müqayisədə daha çoxdur?

-Bu gün bir qələbə adlarını çəkdiyiniz klubu ikinci yerə qaldırır. Artıq son dörd oyun final oyunlarıdı. Hansı klub daha istəkli, soyuqqanlı, üstəlik, bəxt amili yanında olacaqsa, o konamdalar da avrokuboklara yollanacaq.

-Murad Musayevin gedişi, Krunoslav Renduliçin gəlişi "Sabah"a xeyir verib? Renduliçin "Sabah"dakı işini necə qiymətləndirirsiz?

-Murad Musayev “Sabah”da yaxşı iz qoyub getdi. Yeni məşqçinin işini hələ qiymətləndirmək tez olardı. Onun işini gələn sezonda daha yaxşı görmək mümkündür. Hər bir halda uğurlar arzu edirəm.

-“Neftçi”nin durumunu necə dəyərləndirirsiz? Sizcə, Miodraq Bojoviç də işinin öhdəsindən gələ bilmədi və yeni sezon həm məşqçilər korpusu, həm də əksər futbolçular başqası ilə əvəzlənməlidir?

-“⁠Neftçi”nin əsas istədiyi tituldan biri artıq yoxdu. Kuboku nəzərdə tuturam. Qaldı ki, ikinci yerə hələ şansı var. Məşqçiyə gəlincə, bu futbolçuları o gətirməyib və bütün uğursuzluqları baş məşqçinin üstünə atmaqda düz olmazdı.

-Bu mövsüm "Qarabağ" "Neftçi"ni həm kubokda, həm də çempionatda məğlub edib. Maraqlısı budur ki, ümumiyyətlə, "Neftçi" son dəfə "Qarabağ"ı son çempionluğu zamanı məğlub edib. Qarşıdakı turda da bu iki komanda qarşılaşacaq. Budəfəki matçdan gözləntin nədir?

-Bu komandalar əzəli rəqibdi. Yer tutmaqlarından asılı olmayaraq, hər dəfə rəqabət var. Sadəcə görünən odur ki, “Neftçi” “Qarabağ”la rəqabətə tab gətirə bilmir. Bu oyuna gəldikdə, “Qarabağ” fikirimcə matçın favoritidir.

writer photo
Əlirza Əlirzalı
0