“Azərbaycan kimi rəqiblə oynamağı mən israrla istəyirdim”.
Apasport.az saytının məlumatına görə, bunu Şimali Makedoniya millisinin baş məşqçisi Blaqoya Milevski deyib.
Mütəxəssis sabah Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb: “Çünki Azərbaycan və Finlandiya kimi rəqiblərlə oyunlar bizə çox lazımdır. Bu, qarşıdakı seçmə mərhələyə daha yaxşı hazırlaşmaq imkanı verir”.
Mütəxəssis yığmamız barədə yüksək fikirdə olduğunu qeyd edib: "Azərbaycan bizim üçün yaxşı keyfiyyət testi olacaq gözəl komandadır. Arzumuz seçmə mərhələ ərəfəsində oyunumuzun zəif tərəflərini görmək və komandanı tam formalaşdırmaqdır. Əlbəttə, heyətdə Finlandiya ilə matçla müqayisədə heyətdə dəyişikliklər olacaq. Azərbaycan yığmasını yaxşı analiz etmişik. Komandada hamı Azərbaycanla sabahkı qarşılaşmada müsbət nəticə qazanacağımıza inanır”.
Qeyd edək ki, Şimali Makedoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.