Boksçularımızdan ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal
16.09.2022 - 10:39
Boksçularımızdan ABŞ-da 1 qızıl, 2 gümüş və 1 bürünc medal

ABŞ-ın Pueblo şəhərində boks üzrə təşkil olunan beynəlxalq turnirdə final döyüşləri keçirilib. 

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışda komandamızın 3 idmançısı həlledici döyüşə çıxıb. 

Boksçularımızdan bütün rəqiblərinə qalib gələn Ümid Rüstəmov (57 kq) çempion tituluna yiyələnib. Ardıcıl olaraq çinlilər - Xinyan Vanq və Ping Lyunu məğlub edən həmyerlimiz finalda Julius Ballo (ABŞ) ilə üz-üzə gəlib. Yerli idmançı ilə gərgin keçən döyüşdə 3:2 hesabı qələbə qazanan Rüstəmov qızıl medala yiyələnib. 
 
51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsi başa çatdığından boksçumuz gümüş medala sahib olub. 

Məhəmməd Abdullayev (+92 kq) də turniri ikinci yerdə bitirib. Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşüb və görüşdən rəqib üstün ayrılıb.

Beləliklə, yarışa 6 boksçu ilə qatılan komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Yığmamızın heyətində üçüncü yeri bir gün öncə Nəbi İsgəndərov (71 kq) tutub. 

Qeyd edək ki, avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən yığmamız sentyabrın 17-də Bakıya qayıdacaq. 

writer photo
Əlirza Əlirzalı
0