Daha bir braziliyalı futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hücumçu Rafael Furtadonun qış fasiləsində ölkəmizə köçmək variantı yaranıb.
Bu ilin yanvarında ölkəsinin aşağı liqa təmsilçisi “Santa Kruz”a keçən 23 yaşlı forvardın müqaviləsi noyabrda başa çatacaq. O, klub rəhbərliyinin yeni sözləşmə təklifini rədd edib.
Gələn ayın sonunda azad agent statusu daşıyacaq Furtado “Botafoqo”nun maraq dairəsinə düşüb. Ancaq adıçəkilən klub onu U-23 komandasına cəlb etməyi düşünür. Forvardın eyni zamanda Azərbaycan klublarının da transfer gündəmində olduğu bildirilib.
Qeyd edək ki, Rafael Furtado “Atletiko Mineyro”nun yetirməsidir. O, Portuqaliyanın “Koimbra” və ABŞ-ın “Boston Siti” klublarında legioner həyatı yaşayıb.