“Bu təyinat bizim üçün böyük uğurdur”
29.12.2023 - 13:31
“Bu təyinat bizim üçün böyük uğurdur”

“Təbii ki, Bojoviçi Rusiyadan tanıyıram”.

Apasport.az xəbər verir ki, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yarımmüdafiəçi yeni baş məşqçi Miodraq Bojoviçin təyinatına münasibət bildirib: “O, “Dinamo”, “Lokomotiv” kimi böyük klublarda, eləcə də digər komandalarda işləyib. Ümid edirəm ki, onunla uğurlu nəticələr qazanacağıq. Bojoviçin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. İnşallah, onunla işləməyimiz uğurlu alınar. Rusiyada onun çalışdırdığı komandalara qarşı oynamışam deyə, orada tez-tez qarşılaşırdıq”.

Eminin komanda yoldaşı rusiyalı Reziuan Mirzov mütəxəssisin qazandığı nəticələrə toxunub: “Miodraq Bojoviçin Rusiya Premyer Liqasının bir çox klublarında işlədiyini bilirik. O, haradasa 10 il müddətində “Dinamo”, “Lokomotiv”, “Rostov”, “Arsenal” (Tula) kimi komandaların baş məşqçisi olub və yaxşı nəticələr qazanıb. Baş məşqçimiz mənim çox yaxşı tanıdığım bir çox insanlarla birlikdə çalışıb. Həmin şəxslər həm insan, həm də məşqçi kimi Bojoviç haqda yalnız yaxşı fikirlər səsləndirirlər. Deyirlər ki, yaxşı oyun qurur, hücum futbolu oynadır, komanda daxilində müsbət ab-hava yaradır, yaxşı nəticələr göstərmək üçün səylə çalışır. Mən şəxsən Miodraq Bojoviçlə işləməmişəm, amma bir-birimizi tanıyırıq, Rusiyada üz-üzə gələndə görüşüb söhbətləşirdik. O, Rusiya Premyer Liqasında işlədiyi dönəmdə mən də orada çıxış etmişəm. Düşünürəm ki, mənim güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir. Çox şadam ki, komandamızı belə bir məşqçi çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında hər şey istədiyimiz kimi alınacaq və turnir cədvəlində mümkün qədər çox irəliləyəcəyik”.

Azərbaycan vətəndaşlığı alan sabiq rusiyalı Azər Əliyev isə bu təyinatı ölkəmiz üçün böyük uğur hesab edib: “Bojoviç Rusiyada böyük təcrübəyə malikdir. Onun “Neftçi”nin baş məşqçisi olması Azərbaycan üçün, xüsusilə bizim üçün böyük uğurdur. Düzdür, birlikdə çalışmamışıq, amma onun rəhbərlik etdiyi komandalara qarşı oynamışam. Bilirəm ki, yaxşı oyun qurur. Bunu Bojoviçin çalışdırdığı bütün komandalarda görmüşəm. Onunla işləmiş futbolçulardan eşitmişəm ki, kollektivə çox yaxşı təsir göstərir, hər kəslə fərdi olaraq çox yaxşı işləyir və komandada əla əhval-ruhiyyə yaradır. Buna görə də kollektiv şəkildə görülən işin nəticəsini görmək üçün əlimizdən gələni edəcəyik. Bir araya gəlib işləməyə başlayacağımız günü səbirsizliklə gözləyirəm”.

writer photo
Əlirza Əlirzalı
0