Canni de Byazi: "Azərbaycan üçün tarixi nəticədir"
20.11.2022 - 19:08
Canni de Byazi: "Azərbaycan üçün tarixi nəticədir"

“Təəssüf ki, ilk 15 dəqiqə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Şimali Makedoniya ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Skopyedə rəqibinin qonağı olan yığmamız əzmkar qələbə (3:1) qazanaraq, ardıcıl qalibiyyət seriyasını 5-ə yüksəldib.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Topla yaxşı oynaya bilmirdik, onu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik. Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu”.

De Byazinin fikrincə, ardıcıl qalibiyyətlər martda start götürəcək AVRO-2024 üçün vacib amildir: “Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”.

writer photo
Əlirza Əlirzalı
0