“Nəhayət ki, qələbə qazandıq. Mən sevinirəm. Siz də sevinirsinizmi?”
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsinin IV turunda Belarusla oyun barədə danışarkən deyib.
“Dalğa Arena”dakı görüşdə 2:0 hesablı qələbə qazanan millimiz xallarının sayını 4-ə yüksəldərək, C liqasının III qrupunda 3-cü pilləyə yüksəlib.
İtaliyalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının turnirdəki ilk qalibiyyətini dəyərləndirib: “Özüm üçün yox, futbolçular üçün sevinirəm. Çünki onlar buna layiqdirlər. 11 gündə 4 oyun keçirdik. Ağır matçlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik”.
Çalışdırıcı bəzi oyunçuları bilərəkdən matçın sonlarına saxladıqlarını vurğulayıb: “Bu gün oyun keyfiyyəti baxımından yaxşı idik. İki hücumçudan başqa, Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətində meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar. Slovakiyaya qarşı görüşün ilk 20 dəqiqəsi çətin keçmişdi. Ancaq getdikcə sonra yaxşı oynamışdıq. Son dəqiqələrdə istədiyimiz kimi çıxış etmədik və rəqib bundan yararlandı”.
66 yaşlı mütəxəssis hesab edir ki, bu qalibiyyətlə problemlər geridə qalıb: “Qalib gəlmişik deyə rahatlaşmamalıyıq. Bunu davam etdirməliyik. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. Sizin üçün nəticə önəmlidir. Amma biz kompleks yanaşırıq”.
De Byazi kapitan Maksim Medvedevin görüş ərzində texniki zonada fəal olmasına da münasibət bildirib. Hətta o, Medvedevi gələcəyin məşqçisi kimi görür: “Mən ona deyirdim, Maksim isə fikirlərimi oyunçulara çatdırırdı. Komandanın kapitanıdır, böyük təcrübəsi var. Fikirləşirəm ki, gələcəkdə də məşqçi işləyə bilər. Amma bu, pis və ağır işdir. Bilmirəm, istəyər, ya yox. Bu gün hamımız bir yerdə vuruşurduq”.
Baş məşqçi qrupdakı ardıcıl 4 oyunda start heyətini çox dəyişməməsinin səbəbini də açıqlayıb: “Bir oyun üçün cəmi 3 günümüz olur. Klubda daha asandır, vaxt çox olur. Bizdə belə deyil. Fikirləşirəm ki, komandanın inkişafı üçün bir yerdə daha çox oynaması vacibdir. Yorğun ola bilərlər, amma qərar verdik ki, belə davam edək”.
İtaliyalı mütəxəssis 4 xal toplamalarına baxmayaraq, bundan çoxuna layiq olduqlarını deyib: “Qazaxıstanla oyunda xala layiq idi. Belarusla Serbiyadakı matçda isə 3 xal qazana bilərdik”.
De Byazi görüşdə hesabı açan hücumçu Mahir Emrelinin vurduğu qoldan sonrakı hərəkətini xüsusi diqqətə çatdırıb: “Qoldan çox onun necə qaçıb topu götürməsi xoşuma gəldi. Hər bir oyunçu komanda üçün oynamalıdır. Onun bu istəyi çox pozitiv oldu”.
Baş məşqçi 4 turdan sonra Qazaxıstan yığmasının 10 xalla qrup lideri olmasına da münasibət bildirib: “Nostradamus da səhv edir. Mən də yanıla bilərəm. Heç kim gözləmirdi ki, Qazaxıstan Slovakiyaya iki dəfə qalib gələ biləcək. Vacib bir məqam var. Onlarda çempionat davam edir. Bu, əhəmiyyətlidir. Onların çox yaxşı komandası var. İstərdim ki, hansısa məqamlarda Qazaxıstandan bəzi şeyləri öyrənək. Slovakiya ilə növbəti turdakı matça gəlincə, həmişə çalışıb qalib gəlməliyik”.