Ukraynanın “Obolon” klubunda oynayan Dmitri Nağıyev apasport.az saytına müsahibə verib. U-21 yığmamızın sabiq üzvü Azərbaycana qayıtmaq istədiyini bildirib.
- Hazırda komandanız yüksək liqadan düşmək təhlükəsi olan pillədədir. Bu mövsüm istədiyiniz performansı göstərmədiz?
- Son turda da uduzduq. Amma ümid edirəm ki, Premyer Liqada qalacağıq. Çünki yaxşı komandamız var. Sadəcə bəzən nəticə istədiyimiz kimi alınmır. Son turda “Aleksandriya” ilə qarşılaşacağıq. İnanıram ki, həmin oyunda qalib gələrək yüksək liqada qalacağıq.
- Öz performansın necə, istədiyin kimi idi, yoxsa daha yaxşısını gözləyirdin?
- Düzdür, daha yaxşısını edə bilərdim. Ukrayna Premyer Liqasında oynamaq mənə xoşdur. Çox istəyərdim ki, daha çox oynayım. Bəzən rəqibə görə, baş məşqçi fərqli taktika ilə oyuna çıxır və belədə, bəzən ehtiyatda oturursan, sonradan meydana çıxırsan. Amma əsas olan komandanın qalibiyyətidir.
- Ukraynadakı vəziyyət necədir? Oyunlar zamanı yenə də hava hücumu xəbərdarlığına görə matçlar yarımçıq dayandırılır?
- Bəli, olur. Bizim də matçlarda olub, digər görüşlərdə də. Məsələn, bu yaxınlarda Azərbaycan millisinin üzvü Emil Mustafayevin formasını geyindiyi “Polesye” klubunun oyununda da eyni hadisə baş verdi. Hava hücumu xəbərdarlığına görə oyun yarımçıq dayandırıldı və matç sabah keçirildi. Təbii ki, ilk növbədə insan həyatıdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq, hər şey normala qayıdacaq. Çətin durumda olsaq da, çalışırıq ki, peşəkarlığımızı qoruyaq və qələbələr qazanaq.
- Azərbaycana qayıtmaqla bağlı planın var?
- Təbii ki, bunu çox istəyərdim. Azərbaycan Premyer Liqasında oynamaq çox maraqlı olardı. “Sumqayıt”ın heyətində Premyer Liqa matçlarına çıxmışam. Yayda təkliflər olarsa, dəyərləndirəcəm.
- Klub baxımından xüsusi seçimin var, yoxsa maliyyə şərtlərindən asılı olacaq?
- Azərbaycanda oynamağı çox istəyərdim. Düzünü desəm, Ukraynada hər şey məni qane edir. Amma Azərbaycandan gələcək təkliflərə baxmaq məni hər zaman şad edər. Təkliflər gəlsin, onları gözdən keçirib ətraflı nəsə deyə bilərəm. İndi isə konkret təklifim yoxdur. Olarsa, qayıtmağa hazıram.
- Maraqlıdır ki, Ukrayna Premyer Liqasında oynadığın vaxtlarda da Azərbaycan milli komandasına dəvət edilmədin. Millinin keçmiş çalışdırıcısı Canni De Byazi səni yığma komandaya çağırmadı...
- Mənim üçün də qəribə idi. Çünki Ukrayna Premyer Liqasında çıxış edən komandanın heyətində çıxış edirdim. Mən hər zaman Azərbaycan millisində oynamağa özümü hazır hesab edirdim. Bunu da çox istəyirdim. Lakin olmadı, təklif gəlmədi, nə etmək olar?! Kimin oynamasından asılı olmayaraq, əsas odur ki, millimiz uğurlar qazansın, nəticələri yüksək olsun. Bu da bizi sevindirir. Azərbaycan millisində oynamağı çox istəyirəm. U-21 yığmasında oynamışam, inanıram ki, əsas millinin formasını geyinmək də mənə qismət olar.
- Hələ ki, Azərbaycan millisinin yeni baş məşqçisi açıqlanmayıb. Səncə, yeni baş məşqçinin diqqətini cəlb edə bilərsən?
- Hər şey mümkündür. Mənim 28 yaşım var. Bu isə futbolçu üçün çox da deyil. Şansım var. Azərbaycan milli komandasında oynamaq istəyim hər zaman var və bunu reallaşdıra da bilərəm. İnanıram ki, alınacaq.
- Yeri gəlmişkən, Ukraynada oynayan Emil Mustafayev Azərbaycan millisində debüt etdi və performansı pis də deyildi. Səncə, Mustafayev Azərbaycan millisinin yeni ulduzu ola biləcək?
- Emil çox yaxşı futbolçudur. Həm də yaxşı oğlandır. Elə Monqolustan və Bolqarıstanla oyunlar üçün Azərbaycana yollanmamışdan qabaq Ukraynada onunla görüşdük. Çünki ikimizin komandası oynayırdı. Ona uğurlar arzuladım, onun adına sevindiyimi söylədim. Emil çox ağıllı, texnikalı futbolçudur, Azərbaycan millisinə də xeyir verəcək futbolçudur. Meydanı çox yaxşı görür, gəncdir, istəklidir. Əminəm ki, Emilin gəlişi də Azərbaycan millisini gücləndirəcək.