“Qələbəyə görə şadam. Uşaqlar çox əziyyət çəkdilər”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Belarusla keçirilən oyun barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis komandamızın 2:0 hesabı ilə qalib gəldiyi “Dalğa Arena”dakı matçın ardından “CBC Sport” telekanalına fikirlərini bildirib: “Bundan əvvəlki hər üç oyunu yaxşı keçirmişdik. Üç gün əvvəl burada Slovakiyaya uduzmuşduq. Bu dəfə isə qələbə qazandığımız üçün sevincliyik. Matçın sonlarında sistemi dəyişdik, hücum oyunu göstərdik. İkinci hissədə meydana daxil olan futbolçular da komandanın qələbəsində köməklik göstərdilər”.
O, kapitan Emin Mahmudovu yorulmasına baxmayaraq, əvəzləməməsini bu cür əsaslandırıb: “Emin bizim üçün vacib, vuruşan oyunçudur. Əmin idim ki, sona qədər vuruşacaq. Buna görə də onu meydanda saxladım”.
De Byazi Qazaxıstan yığmasının qrupa liderlik etməsinə də münasibət bildirib: “Qazaxıstan güclü komandadır. Nəzərə alaq ki, onların çempionatında 10-cu tur keçib. Digər ölkələrin çempionatlarında isə mövsüm bitib, futbolçularda yorğunluq var. Buna rəğmən sona qədər mübarizə aparıb, bir-bir irəliləmək istəyirik”.