“Trabzonspor” -  “Fənərbaxça”: Üstünlük kimdədir?
24.12.2022 - 12:00
“Trabzonspor” -  “Fənərbaxça”: Üstünlük kimdədir?

Bu gün Türkiyə Super Liqasında “Trabzonspor” -  “Fənərbaxça” oyunu keçiriləcək. 

Apasport.az xəbər verir ki, Trabzon şəhərindəki “Şenol Günəş İdman Kompleksi”ndə saat 20:00-da başlayacaq matç komandalar arasında 132-ci duel olacaq. 

“Trabzonspor” - “Fənərbaxça” arasında indiyə qədər keçirilən görüşlərdə qonaqların üstünlüyü var. 131 oyunun 50-də “sarı-lacivərdlilər”, 42-də rəqibi qalib gəlib. 39 görüşdə isə heç-heçə qeydə alınıb. Bu oyunlarda top fərqi də “Fənərbaxça”nın xeyrinədir: 165-146. 

Çempionatın XV turu çərçivəsində baş tutacaq görüşün baş hakimi  Halil Umut Meler olacaq. Hazırda 23 xalla turnir cədvəlində 7-ci pillədə olan Trabzon təmsilçisi 29 xalla çempionatın lideri “Fənərbaxça”nı məğlub edərsə, xal fərqini 3-ə endirəcək. 

“Trabzonspor”da Stefano Densvil, Sərkan Asan və Doruxan Toköz zədə səbəbindən meydançaya çıxa bilməyəcəklər. “Fənərbaxça”da isə Joao Pedro, Arda Gülər və Alioski zədədən əziyyət çəkir. 

Onlardan fərqli, yüngül zədəsi olan və məşqlərinə davam edən qapıçı Altay Bayındır heyətdə yer ala biləcək. 

writer photo
Əlirza Əlirzalı
0