Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələ çərçivəsində Avstriyaya qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında iştirak edib.
Apasport. az xəbər verir ki, italiyalı məşqçi sabah keçiriləcək oyunla bağlı danışıb. O, jurnalistlərin suallarını da cavablandırıb:
“Emin Mahmudovun sözlərinə qoşuluram, ciddi insandır. Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır. Əsas oyunçuları olmayacaq. Amma ilk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar, Ralf Ranqnik yaxşı işləyir. Belçika matçındakı nəticə aldadıcı ola bilər. Avstriya onlardan daha yaxşı oynadı”.
- Avstriya millisində beş əsas oyunçu olmayacaq. Sabah qələbə qazanmağımız mümkündür? Hər halda, qalib gəlsək 7 xalımız olacaq və qrupdakı vəziyyətimiz də dəyişə bilər...
- Pozitiv düşünürsüz, çox xoşuma gəldi. Asan olmayacaq. İlk matçdada fikirləşirdim ki, nəticə fərqli alınacaq. Amma 1:4 uduzduq. 0:2-dən sonra lazımsız səhvlərə yol verdik, rəqibin işi asanlaşdı. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq ki, uğurlu nəticəyə davam edək. Avstriyada 5 vacib oyunçu yoxdur, amma digər vacib oyunçuları var.
- Sabah ilk dəfə Tofiq Bəhramovda milli rəhbərliyiniz altında oyuna çıxacaq. Anşlaq gözləyirsiz? Azarkeşlərə nə demək istəyirsiz?
- Əgər sabah gəlib, bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Gəlməsələr, 11 nəfər oynayacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir. Sabah çətin olacaq. Amma çalışacağıq ki, pozitiv nəticə olsun.
- Oyunöncəsi məşqi niyə Tofiq Bəhramovda keçirmədiz?
- Çox istəyərdik ki, orada olaq. Sadəcə bizə dedilər ki, meydançada ideal deyil və məşq etsək, meydança dağıla bilər. Ona görə "Dalğa Arena"da məşq edəcəyik.
- Yığmamız səfərə gedib qayıdanda çətinliklər çəkir. Heyətdə dəyişikliklər olacaq?
- Ağır oyundan, uzun səfərdən gəlirik. Bu gün ilk məşqimizi edəcəyik. Dünən ancaq bərpa məşqi etmişik. Dəyişikliyə bu gün qərar verəcəyik. Sabah ağır oyun olacaq, çox qaçacağıq.
Canni De Byazi: "Sabah ağır oyun olacaq, çox qaçacağıq" - MÜSAHİBƏ
15.10.2023 - 20:16
0
0