Cavid Hüseynov: "Liqalar arasındakı fərq həqiqətən də böyükdür" - MÜSAHİBƏ
08.11.2023 - 15:21
Cavid Hüseynov: "Liqalar arasındakı fərq həqiqətən də böyükdür" - MÜSAHİBƏ

“Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- "Cəbrayıl" II liqanın liderlərindən biridir. Komandanın çıxışını necə dəyərləndirirsiniz? Hədəfləriniz nədir?
- Düzdür, komandamızın çıxışı və turnir cədvəlindəki mövqeyi pis deyil. Amma biz daha çox inkişaf etmək istəyirik. Çatışmazlıqlarımız var. Hər gün məşq proseslərimizdə də bunun üzərində işləyirik. Amma ümumi turnir cədvəlinə diqqət etsək, komandalar hamısı bir-birinə çox yaxındırlar. Bir qələbə ilə yerlər dəyişə bilər. Amma hazırkı vəziyyəti qənaətbəxş hesab etmək olar.

- II liqada  tanınmış veteran futbolçular da çıxış edir. Onlara baxanda ürəyinizdən meydana çıxıb oynamaq keçirmi?
- Bəli, görürəm, bunu da normal hesab edirəm. Bəzən elə olur ki, ürəyimdən özümü meydanda görmək istəyi keçir, bəzən isə yox. Bu, çox az hallarda olur. Ümumilikdə mən öz fikrimi məşqçiliyə yönəltdiyim üçün bu fikirlərdən uzaq olmağa çalışıram.

- Ötən mövsüm Premyer Liqada “Şamaxı”ya rəhbərlik etdiyiniz vaxtla “Cəbrayıl” dövrünü müqayisə etsəniz...
- Düşünürəm ki, "Şamaxı" ilə "Cəbrayıl" vaxtlarımı müqayisə etmək doğru olmaz. Çünki "Şamaxı"ya rəhbərlik etdiyim müddətdə komanda Premyer Liqada çıxış edirdi. Amma hal-hazırda "Cəbrayıl" ikinci liqada mübarizə aparır.  Ümumilikdə iş prinsipi eynidir, sadəcə liqaların fərqi var. Bu liqada bir az çatışmazlıqlar var. Amma ikinci liqanın yaradılması və burada da yarışların keçirilməsi həqiqətən də çox təqdirəlayiqdir. Mübarizə də çox maraqlı keçir. Ümumilikdə liqalar arasındakı fərq həqiqətən də böyükdür.

- Kubokun püşkatmasında “Ağdaş”la düşmüsüz və iki mərhələ keçə bilsəz, 1/8 finalda “Qarabağ” la qarşılaşacaqsınız. Sizcə komanda bunu bacarar? Bu cür güclü rəqiblə oyun sizi indidən narahat edir?
- Düzdür, püşkatmada mən də iştirak elədim. Fikrimcə, ikinci liqa komandaları üçün kubokda çıxış etmək bir tərəfdən yaxşıdır. Amma digər tərəfdən hansısa çətinliklərlə üzləşə bilərik. O çətinliklər də futbolçularımızın zədələnməsi və əlavə xərclərin olması ilə bağlıdır. Biz diqqətimizi kuboka yox, çempionata yönəldəcəyik. Kubok bizim üçün o qədər də önəmli deyil. Düzdür, "Qarabağ"la qarşılaşmaq istəyərik. Amma bu dəqiqə bizim üçün önəmli olan çempionatdır. Əlbəttə ki,  kubokda da oynayacağıq. "Qarabağ"la oynamaq nəticədən asılı olmayaraq, bizi narahat etmir. Əgər ora kimi gedib çıxa bilsək, əslində çox maraqlı olar. Bizim üçün hesabın önəmi yoxdur. "Qarabağ"la görüşmək bizim üçün fəxr olardı.

- Milli komandamızın son çıxışlarını necə qiymətləndirirsiz? Əvvəlki illərlə indiki arasında müqayisədə hansı müsbət və mənfi dəyişikliklər diqqət çəkir?
- Millimizin ən yaxşı futbolçulardan ibarət dövrlərindən birinə şahid oluruq. Düzdür, son oyunlarda bəlkə də oyun baxımından pis təsir bağışlamırdılar. Bu da gözləniləndir. Çox futbolçularımız legioner həyatı yaşayır və klublarında lazımi formada oyun nümayiş etdirirlər. Ancaq nəticə o qədər də ürəkaçan deyil. Təəssüf ki, milli haqqında o qədər də nə isə demək olmur.

- Sizcə, Canni de Byazi getməlidir? Onun yerinə namizəd olaraq kimi görürsünüz? 
- Əlbəttə ki, bunu biz müəyyənləşdirmirik. Amma hər birimiz Azərbaycan futbolunun inkişafını və milli komandamızın nəticə verməsini istəyirik. De Byazinin taleyinin necə olacağının zaman göstərər. Əlbəttə ki, onun yerinə məşqçi tapmaq mümkündür. Yerli məşqçilərdən də namizəd ola bilər. Məsələ nə istəməyimiz, yerli məşqçilərə də nə qədər vaxt verməyimizdir. Məşqçiyə verilən vaxt çox önəmlidir.

writer photo
Əlirza Əlirzalı
0