“Səbail”in ukraynalı müdafiəçisi, müqavilə ilə “Şaxtyor”a məxsus olan Maksim Çexin apasport.az saytına müsahibəsi
- “Səbail” XX turda “Kəpəz”ə qalib gəlməyi bacardı. Matç sizin üçün necə keçdi?
- Yaxşı, bərabər səviyyəli oyun alındı. Heç bir komanda digərinə güzəştə getmirdi. Hər iki komandanın qələbə üçün oynadığı görünürdü. Amma biz şansımızdan istifadə etdik. Ona görə də, nəticəni layiqli hesab edirəm.
- “Kəpəz”i məğlub etməklə turnir cədvəlinin son pilləsindən də qurtulduz. Bu səbəbdən qələbənin ikiqat xoş olduğunu demək mümkündür?
- Bu oyun altı xallıq idi. Biz hamımız bunu yaxşı başa düşürdük. Sonuncu pillədən qurtulmaq niyyətindəydik. Qarşıda hələ çox işimiz var, dayanmamalıyıq, işləməliyik.
- Amma yəqin ki, sonuncu pillənin təhlükəsini hələ də hiss edirsiz...
- Çempionatda komandalar arasında rəqabət yüksəkdir. Bütün klublar bir-birinin nəfəsini hiss edir. Biz özümüz də bunu görürük. Ona görə də, dayanmadan işləyirik ki, sonuncu pilləyə düşməyək.
- Qışda komandadan gedəcəyin gözlənilirdi, lakin “Səbail”də qaldın. Qərarını dəyişməyə nə səbəb oldu?
- Əvvəlki məşqçilər korpusu mənə güvənmirdi. Doğrudur, qışda komandadan ayrılmağa yaxın idim. Yəni, “Səbail”lə yollarımız ayrılacaqdı. Ancaq baş məşqçimiz dəyişdi və mən də komandada qaldım.
- Növbəti turda “Sabah”la qarşılaşacaqsız. Onları kubokdan uzaqlaşdırdığınıza üçün sizə qarşı aqressiv olacaqlarını düşünmürsən?
- Oyunun hazırlıqlarına artıq başlamışıq. “Sabah” yaxşı komandadır. Maraqlı görüş olacağı dəqiqdir. Həmin oyunda əlimizdən gələni edəcəyik.
- Hazırda Azərbaycanda çıxış edən ukraynalı futbolçular arasında daha çox Aleksey Kaşuk göz önündədir. O da sizin kimi "Şaxtyor"a məxsusdur. Kaşuk barədə hansı fikirdəsən? Onunla danışırsan, görüşürsən?
- Kaşuk özünü “Sabah”da çox yaxşı tərəfdən göstərdi. Aleksey yaxşı səviyyədə futbol oynayır. Onun adına çox sevinirəm. Əlbəttə, Kaşukla ünsiyyətimiz var. Bir-birimizi 12 yaşından tanıyırıq. İndi də görüşürük.
- Bu yaxınlarda Ukraynadan Azərbaycana daha bir futbolçu gəldi - Vladislav Kulaç. O, Azərbaycan Premyer Liqasında özünü sübut edə bilər?
- Kulaçı da yaxşı tanıyıram. Təbii ki, biz yaxşı futbolçudan danışırıq. Məncə, o, “Zirə” üçün yaxşı forma yığmalıdır. Fikrimcə, özünü ən yaxşı şəkildə göstərəcək və komandasına xeyir verəcək.