“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev apasport.az saytına açıqlama verib.
Paytaxt klubunun yarımmüdafiəçisi Premyer Liqanın 2-ci turunun “Sabah”la görüşünü şərh edib: “Sabah”a qarşı matçın asan olmayacağını bilirdik. Çətin oyun olsa da, “Sabah”la görüşdə qələbə qazanmağı bacardıq. Layiqli qələbə qazandıq. Artıq iki oyunda qələbə qazanmışıq. Təbii ki, daim qələbələr qazanaraq üst pillələrdə yer almağı çox istəyirik. Əlbəttə, sezon yeni başlayıb və indidən nəsə demək olmur. Hər halda, komandamız yaxşı potensiala malikdir. Uğurlu nəticələrə davam etmək istəyirik”.
Nuriyev Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Osiyek”lə cavab görüşü haqda da fikirlərini bildirib. Onun sözlərinə görə, “Zirə” həmin oyunda uğurlu nəticə qazanmağı çox istəyir: “İlk oyunda da gördük ki, “Osiyek” güclü komandadır. Qarşıda bizi çox vacib cavab görüşü gözləyir. Biz özümüz də güclü komandayıq. Ümidvaram ki, Bakıdakı görüşdə lazım olan nəticəni qazanaraq mərhələni adlayan tərəf olacağıq. Bunu çox istəyirik. Yaxşı hazırlaşırıq. İnanıram ki, hər şey yaxşı olacaq”.