Ceyhun Sultanov: “Neftçi” hələ öz baş məşqçisini tapmayıb”
09.10.2023 - 14:36
Ceyhun Sultanov: “Neftçi” hələ öz baş məşqçisini tapmayıb”

“Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- "Qarabağ"a "Hakken"lə oyundan sonra "Neftçi" ilə görüşdə ağır olacağı ehtimal edilsə də, əksi baş verdi. "Qarabağ"ın "Neftçi" ilə matçdakı çıxışını necə dəyərləndirirsiniz?
- Bilirdik ki, “Qarabağ” ağır oyundan çıxıb və “Neftçi” ilə görüşdə daha yorğun görünməli idi. Amma görünən o oldu ki, komanda yaxşı bərpa keçmişdi. “Qarabağ”da iki eyni səviyyəli heyət var və “Neftçi”yə qarşı lazımı səviyyədə, yaxşı futbol oynadılar. Məncə, “Qarabağ” daha üstün idi. Ona görə qələbəni əldə etdi.

- “Neftçi” “Qarabağ” önündə heç nə edə bilmədi. Yəqin ki, nəticəni ədalətli hesab edirsiniz?
- Oyuna baxsaq, nəticə “Qarabağ”ın üstünlüyü ilə bitməli idi. Matç da bunu göstərdi. “Qarabağ” “Neftçi”dən üstün oynadı. Sonda da qələbə qazandılar.

- Sizcə, niyə "Neftçi" "Qarabağ"a qarşı matçda uğurlu gedişlə, hansısa təhlükəli hücumlarla yadda qalmadı?
- “Neftçi”də komandaya yeni gələn futbolçuların 5-6-sı ehtiyatda qalmışdı. Məğlubiyyətdə əsas səbəbkar Adrian Mutudur. Çünki əlində olan futbolçulardan maksimum istifadə etməlisən. Amma görünən odur ki, Mutu bundan istifadə edə bilmədi. Çünki ehtiyatda yeni transferlərin neçəsi qalmışdı. Baş məşqçi oyuna müdaxilə etməlidir.

- Ümumiyyətlə, "Neftçi"nin bu mövsümdəki durumunu necə dəyərləndirirsiz? Sanki Laurentsiu Regekampfın başçılıq etdiyi "Neftçi" ilə Mutunun komandası arasında elə də böyük fərq görünmür...
- Laurentsiu Regekampfın futbolçuları hazırkından üstün görünürdülər. Bundan əvvəlki oyuna da onun heyəti ilə meydana çıxmışdılar. Regekampf nə qədər zəif məşqçi olsa da, Adrian Mutudan yaxşı və təcrübəli idi. Ancaq “Rege”yə “Neftçi” səviyyəsində məşqçi deməzdim, xeyr, belə də deyildi. Amma iki rumıniyalını müqayisə ediriksə, Regekampfın Mutudan təcrübəli və güclü olduğunu deyə bilərəm.

- Adrian Mutu mövsümün gedişində "Neftçi"ni pik nöqtəyə çatdırıb, yüksək yerlərə çıxara biləcək, yoxsa onunla yola davam etmək sadəcə vaxt itkisidir?
- “Neftçi”nin maliyyəsi var. Futbolçuların keyfiyyəti pis deyil, komandanın avrokubok təcrübəsi də var. Sadəcə məşqçi tərəfdən axsayırlar. Mutunun bu vaxta qədər oyun üslubunun olmadığı və zəif məşqçiliyi görünür. Şəxsi fikrimdir, kimlərsə başqa cür düşünə bilər. Adrian Mutu “Neftçi”nin yükünü qaldıracaq məşqçi deyil.

- Mutu dünən oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, gəldiyi gündən tənqidlər və təzyiqlər var... 
- Bu olmalıdır. Nəticə olmayana qədər hər bir məşqçi bununla üzləşəcək. “Neftçi”də hər zaman nəticə tələb edilir. Bunu etməyənə də, təzyiq olacaq. Bəlkə də, Mutu düşünürdü ki, Azərbaycan Premyer Liqası bir ayaqla keçiləsi liqadır. Elə deyil. Bizim liqanın da özünəməxsusluğu var. Tam fərqli düşüncə ilə gəlmişdi. Amma görünən odur ki, Mutu böyük klublarda işləyəcək məşqçi deyil.

- Cəlb edilən legionerlərin səviyyəsi necədir? Sizcə, Azərbaycan Premyer Liqası üçün səviyyələri yaxşıdır?
- İndiki heyət yalnız “Qarabağ”dan geri qalır. Amma “Neftçi”yə Azərbaycan çempionatı üçün pis futbolçular yığılmayıb. Əgər bundan istifadə edib, “Kəpəz”i, “Araz-Naxçıvan”ı uda bilmirsənsə, deməli, burada baş məşqçidən də çox şey asılıdır. Məncə, məşqçi işi görünmür. Mutu yaxşı futbolçu olub, hamımız bunu bilirik. Ancaq yaxşı futbolçu olması, yaxşı məşqçi olduğu demək deyil. “Neftçi” hələ öz baş məşqçisini tapmayıb, tapmayana qədər də belə problemlərlə üzləşəcək. “Neftçi”yə uğurlar arzulayıram.
 

writer photo
Əlirza Əlirzalı
0