Ceyhun Sultanov: “Qarabağ” onu Gentdə tətbiq etməyə çalışacaq” - MÜSAHİBƏ
23.02.2023 - 14:23
Ceyhun Sultanov: “Qarabağ” onu Gentdə tətbiq etməyə çalışacaq” - MÜSAHİBƏ

Futbol mütəxəssisi Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi 

- "Qarabağ" bu gün "Gent"lə səfər görüşünə çıxacaq. Belçikadakı görüşdən gözləntin hansı nəticədir?
- Düzdür, ağır oyun keçəcək. Amma səfər görüşü olmasına  baxmayaraq, ən azından matçın heç-heçə bitməsini istəyərdim. Lakin mən daha da pozitivəm və "Qarabağ"ın qələbəsini gözləyirəm. Çünki təmsilçimiz səfərdə daha da yaxşı oynayır. 

-  Səncə, "Qarabağ" Belçikadakı matçda necə oynayacaq, ilk dəqiqələrdən hücuma çıxıb, hesabı açmağa çalışacaq, yoxsa Bakıdakı kimi nisbətən ehtiyatlı başlayacaq?
- Düşünmürəm ki, "Qarabağ" başlayan kimi hücumlar etsin. İlk dəqiqələrdən dərhal hücumlar olacağını fikirləşmirəm. Ancaq "Qarabağ"ın öz oyun üslubu var. Bundan da heç vaxt geri çəkilmir. Eynilə Bakıdakı oyunu bu gün Gentdə də tətbiq etməyə çalışacaq. 

- Bakıdakı 1:0 hesablı qələbə "Qarabağ"a bu oyunda hər hansı üstünlük qazandırır, ya səncə hər şey yenidən, yəni sıfırdan başlayacaq?
- Bakıdakı 1:0 hesablı üstünlük o demək deyil ki, artıq mərhələ keçilib. Hər oyundan öncə hər şeyə yenidən başlayırsan. Məsələn, ilk oyunda "Gent"ə qalib gəlmisənsə, qələbə qazandığını düşünməməlisən. Hər şeyi yenidən başlamalısan və "Qarabağ"dakılar bunu yaxşı dərk edir. 

- Maraqlıdır ki, Ramil Şeydayev ilk oyunda penaltidən yararlana bilməsə də, dünən mətbuat konfransında bildirib ki, qol borcum və bunu qaytarmağa çalışacam. Bu, Şeydayevi oyuna daha da çox motivasiya edə bilər?
- Ramil Şeydayevin dediyi bu sözlər çox yaxşıdır. Görünür ki, futbolçu motivasiyalıdır. O, etdiyi səhvin müqabilində qol vurmaq istəyir. Belə danışması yaxşı haldır. 

-  "Qarabağ"ın ilk oyundakı yeganə qolunun assistini verən Marko Yankoviç bu matçda meydanda olmayacaq. Bu nə dərəcədə mənfi haldır?
- Yankoviçin olmamasının "Qarabağ"a problem yaradacağını düşünmürəm. Çünki bu komandanın iki eyni səviyyəli heyəti var. "Qarabağ"ın meydanın mərkəzində yetərincə futbolçusu var. Orada Riçard Almeyda da oynaya bilər, Qara Qarayev də. Rotasiya üçün çox oyunçu var. Hər halda, Yankoviçin olmamasının itki kimi görmürəm. 

- Yeni transferlərdən kimi əsas heyətdə meydanda gözləyirsən? Səncə, Redon Cica, Adama Diakabi, Yassin Benziadan hansı bu oyun üçün hazırdır?
- Yeni transferlərdən bu gün hazır vəziyyətdə olan Cicadır. Amma Diakabini də meydanda görə bilərik. Benzianın hazırlıq durumu tam o deyil. Amma Cica və Diakabinin ilk dəqiqələrdən, 90 dəqiqə meydanda olacağını ehtimal edirəm. Baş məşqçinin seçimidir və məşqlər zamanı onların hansı durumda olduğunu görür, bilir. 

- Tez-tez "Qarabağ"ın finala çıxmaq məsələsi müzakirə edilir. "Qarabağ" bu mərhələni keçərsə, "Vest Hem", "Nitsa", "Vilyarreal" kimi komandalar var. "Qarabağ"ın Konfrans Liqasında finala çıxması realdır?
- Hamımız oyuna baxaraq bu qənaətə gəlmişik ki, "Qarabağ" finala qədər irəliləyə bilər. Niyə də olmasın? "Qarabağ" "Marsel"ə, "Nant"a qarşı çox yaxşı oynamışdı. Həmin oyunları görəndən sonra düşünürsən ki, "Qarabağ" finala çıxa bilər. Amma çətin olacaq. 

writer photo
Əlirza Əlirzalı
0