Artıq gələn həftə Qətərdə təşkil olunan DÇ-2022-yə start veriləcək. Dünya çempionatlarına damğasını vuran futbolçulardan biri də Roje Milladır.
Apasport.az saytı sizi mundiallar tarixinin ən yaşlı qol müəllifi ilə yaxından tanış edir.
Yanlışla başlayan ömür
Əksər afrikalı futbolçuların doğum tarixi şübhələrə səbəb olur, bəzən isə hətta təsdiqlənir. 16-17 yaşlı fiziki cəhətdən boy-buxunlu oyunçuların özlərini sənəddə kiçiltdiyi iddia olunur. Roje də isə tam əksidir. Onun 42 yaşında DÇ-1994-də etdiklərini görənlər kamerunlunun yaşını artıq göstərdiyi qənaətinə belə gələ bilər. Amma 1968-ci ildə 16 yaşında rəsmi turnirlərdə oynaması barədə sənədlər bu fikrin üstündən xətt çəkir. Doğum tarixi dəqiq olan futbolçunun sənədində səhvdən qaçmaq alınmayıb. Ona doğum haqda şəhadətnamə verən məmurlar Alber Roje Mook Miller adlı körpənin sənədində soyadını Milla kimi qeyd edib. Millerlər ailəsi bu yanlışa əhəmiyyət vermədiyindən digər 4 qardaşdan fərqli soyad daşıyıb. Roje də digər afrikalılar kimi yarımsəhralarda topabənzər əşyalarla məşq edərək futbola gəlib. Bəlkə də bu qeyri-adi əşyalarla hazırlıq onun texnikalı futbolçu olmasında rol oynayıb.
Köçəri uşaqlıqdan “Leopard”a
Atasının işi ilə əlaqədar Kamerunun şəhərlərini dolaşan Roje Dualada “Ekler” klubunun uşaq komandasına yazılıb. 16 yaşında ikinci liqada çıxış edən əsas komandada debüt edən forvard debüt mövsümündə 30, bir il sonra 25 qola imza atıb. Həmin 25 top onu divizionun bombardirliyinə daşıyıb. Daha güclü klubların maraq dairəsinə düşüb Milla “Leopard”la anlaşıb. Buradakı 4 mövsümün heç birində 19-dan az qol vurmayan Roje ümumilikdə 89 dəfə fərqlənib və 1972-ci ildə ölkə çempionluğuna sevinib.
Qitənin ən yaxşısı
Növbəti il Afrika Çempionlar kubokunda yarımfinaladək irəliləyən komandanın gənc ulduzu yığma məşqçilərinin də diqqətini cəlb edib. Onun debütü 1973-cü ilin fevralında gerçəkləşib. 1974-cü ildə “Tonner” klubuna keçən futbolçu ölkə çempionatının finalında həlledici qol vurub. Bir il sonra komandası ilə Kuboklar kubokunu qazanan Roje Kamerunda ilin futbolçusu, Afrikada isə analoji səsvermədə 2-ci yerin sahibi seçilib. Növbəti il “Tonner” finalda uduzsa da, Milla həm ölkəsində, həm qitədə ən yaxşı adına layiq görülüb. Ölkə çempionatının üç mövsümündə 69, qitə kuboklarında 24 qolun vurulması ulduzun xaricə yollanmasına zəmin yaradıb.
Uğursuz Fransa sərgüzəştləri
Fransada “Velansyen”ə keçən Milla legioner limiti üzündən klubun həvəskar komandasına göndərilib. Həm bu klubda, həm də sonradan keçdiyi “Monako”da kamerunlunun işləri alınmayıb. Korsikaya yollanan kamerunlu “Bastiya”da özünə yer edə bilib. Milla Fransa kubokunun finalında “Sent-Etyen”in qapısına vurduğu qələbə qolu ilə etimadı qarşılıqsız qoymayıb – 2:1
“Ramolunmaz aslanlar”la zəfər
Klub karyerası istənilən kimi alınmayan Roje Kamerun yığmasındakı sabit çıxışı diqqətdən yayınmayıb. Daim qol vuran hücumçu hətta Zairlə görüşdə poker müəllifi olub. Kamerun millisi 1982-ci ildə həm dünya, həm qitə çempionatının final mərhələsinə çıxıb. Hər iki yarışda qrupda qalan komanda mundialla məğlubiyyətsiz vidalaşıb. Gələcək çempion İtaliya və bürünc mükafatçı Polşa ilə heç-heçələr komandanın gücündən xəbər verirdi. Cəmi 2 il sonra Afrika çempionu olan yığmanın ulduzu turniri cəmi 1 qolla başa vurub. “Bastiya”ya da lazım olmadığı üçün aşağı liqada oynayan “Sent-Etyen”ə keçən Roje sonradan “Monpelye”yə üz tutub. Bu komanda ilə Liqa1-ə yüksələn afrikalı hətta bürünc mükafatçı olub.
Yüksəliş və kölgəyə çəkiliş
Millalı yığmanın uğurlarının ardı-arası kəsilmirdi. 1986-cı ildə qitə çempionatının finalında uduzan komandanın bir qolunu Roje vurub. 2 il sonra qazanılan çempionluqda isə ən böyük pay sahibi məhz veteran olub. 36 yaşlı forvard Misir və Mərakeşlə görüşlərdə qələbə qollarına imza atıb, Nigeriya ilə matçda dublla əzmkar qələbəyə töhfə verib. Finalda nigeriyalıların qapısına təyin olunan həlledici penaltini də məhz Milla qazanıb. Amma yaş sözünü deyirdi. Fransanı tərk etməyə qərar verən 36 yaşlı veteran FİFA üzvü olan Reyunyonun həvəskar çempionatına – “Sen-Perruaz”a üz tutub.
Möhtəşəm dönüş
Roje millidəki karyerasını başa vurduğu üçün DÇ-1990-nın seçmə mərhələsində də oynamayıb. 1990-cı ilin aprelində ölkə prezidenti Pol Biyya şəxsən özü 38 yaşlı veteranla milliyə qayıdışı üçün danışıqlara başlayıb. Millaya oğlu yaşında olan yığma üzvlərinin bəziləri narazılıqla, bəziləri bədbinliklə baxırdı. Əksəriyyət ona qol vuran güc deyil, komandanı ruhlandıracaq simvol kimi yanaşıb. Kamerun yığmasını o vaxt SSRİ-dən olan Valeri Nepomnyaşi çalışdırırdı. Mütəxəssis qoca hücumçuya nəinki güvənib, hətta ondan gizli silah kimi yararlanıb. Yaşı 90 dəqiqə oynamağa imkan vermədiyi üçün veteranı adətən oyunun sonlarında meydana buraxan baş məşqçi yanılmayıb. Qrupda Rumıniya, 1/8 finalda Kolumbiyaya iki qol vurandan sonra künc bayrağının yanında rəqs edən Milla bütün dünyaya sözünü deyib. 1/4 finalda İngiltərəni keçməyə bəxtsizlik mane olub. Roje 14 ildən sonra Afrikada ilin futbolçusu seçilib. 24 yaşında buna nail olan ulduz 38 yaşında da eyni mükafata sahib çıxıb.
42 yaşında qol vurdu
DÇ-1990-dan sonra karyerasını başa vurduğunu açıqlayan Roje 1991-ci ildə İngiltərə və Kamerun yığmalara arasında görüşdə vida etməli idi. Amma həmin qarşılaşma baş tutmayıb. 1994-cü ildə Afrika Millətlər kubokundakı uğursuzluqdan sonra ölkə rəhbərliyi yenidən veterana müraciət edib. Yığmaya qayıtmağa razılıq verən Roje həmin vaxt üçün mundialda meydana çıxan ən yaşlı futbolçu olmağı bacarıb. 42 yaşında Rusiyaya qol vuran Millanın bu rekordunu isə çətin ki, yaxın illərdə keçən tapılsın.
Əsrin ikincisi
Hazırda Fransada yaşayan 70 yaşlı afrikalı Monpelyedə məskunlaşıb. 2001-ci ildə BMT-nin Afrikadakı xoşməramlı səfiri seçilən futbolçu qitədə əsrin oyunçusu seçimlərində də ikinci olub. O, yalnız Corc Veadan geri qalıb.
Penaltini bilərəkdən vurmayan ulduz
Milla əksəriyyətin gözü önündə mundiallardakı qollarından sonrakı rəqsi ilə canlanır. Amma onunla bağlı ulduzların xatirələri də maraq çəkir. Digər kamerunlu əfsanə Samuel Etoo Rojeni uşaq ikən görüb: “Mən hələ balaca idim. Dualada Kamerun – Zambiya oyunu keçirilirdi. Matçdan əvvəl Milla üç qol vuracağını demişdi. Belə şeyləri öncədən deməzlər, amma Roje belə etmişdi. O, dedi və oyunda da het-trik etdi. Qarşılaşmanın sonlarında Zambiyanın qapısına penalti təyin olundu. Milla bilərəkdən topu yana vurdu. Axı üç demişdi, üç də olmalı idi”.