Cüdo millilərimiz dünya çempionatına Antalyada hazırlaşır
04.04.2023 - 20:24
Cüdo millilərimiz dünya çempionatına Antalyada hazırlaşır

Azərbaycan cüdoçuları aprelin 3-dən 8-dək Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Apasport.az xəbər verir ki, hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandasının 23 üzvü və gənclərdən ibarət milli yığma komandasının 14 üzvü qatılıb.

Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Rixard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

writer photo
Əlirza Əlirzalı
0