Çumbinyo Qurbanovun replikasını yada saldı: “Səyahətdən həzz almağa hazırlaşın"
06.10.2022 - 10:06
Çumbinyo Qurbanovun replikasını yada saldı: “Səyahətdən həzz almağa hazırlaşın"

“Qarabağ”la bağlı xatirələrim əladır. Mənə orada oynamaq imkanı verən kluba təşəkkür etmək istəyirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Çumbinyo Yunanıstan mətbuatına müsahibəsində deyib.

Adıçəkilən ölkənin “Etnikos” klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi vaxtilə formasını geyindiyi “Qarabağ”la “Olimpiakos”un Avropa Liqasının qrup mərhələsində bu gün keçirəcəkləri matçı dəyərləndirib. 36 yaşlı hücumameyilli futbolçu Azərbaycan çempionunun qrupdan çıxmaq şansının yüksək olduğunu düşünür: “Bakını çox bəyəndim, gözəl vaxt keçirdim. “Qarabağ”ı “Olimpiakos”dan daha yaxşı tanıyıram, üç il orada oynamışam. Bu, çox sərt qrupdur. Yunanıstan klubunun rəqibləri ilə mübarizə aparacağına inanıram. Düşünürəm ki, “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət qədər şansı var”.

Çumbinyo 2013-2015-ci illərdə formasını geyindiyi “Qarabağ”da başına gələn bir maraqlı hadisəni də danışıb: “Avrokubokların pley-off mərhələsinin oyunu üçün Avstriyaya yollanmışdıq. O vaxt həmişə matçdan üç gün əvvəl gedirdik. Bütün komanda avtobusda oturub gecikən oyunçunu gözləyirdik. Gecikməsinə baxmayaraq, böyük bir təbəssümlə gəldi. Lakin bu, uzun sürmədi. Baş məşqçi Qurban Qurbanov həmin oyunçuya baxaraq, bütün kollektivin onu gözlədiyinə sevinib-sevmədiyini soruşdu. Əslində ona belə dedi: “Biletinizi kassada bron edin və səyahətinizdən həzz almağa hazırlaşın”. Çox gözəl replika idi”.

Qeyd edək ki, bu gün “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0