İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
Zeynəb Rəhimova 1/32 final çərçivəsində əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb. 54 kq çəki dərəcəsində baş tutan qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Rəhimova rəqibini 4:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib.
Yığma üzvü növbəti qarşılaşmasında ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.
Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib.
Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.