De Byazi: “Bir az səbir lazımdır”
23.09.2022 - 01:05
De Byazi: “Bir az səbir lazımdır”

“Əla oyun keçirdik”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Millətlər Liqasının V turunun Slovakiya ilə səfər oyunundan sonra mətbuat konfransına qatılıb. De Byazi görüş barədə fikirlərini açıqlayıb: “İlk hissəni yaxşı başladıq. Renat gözəl qol vurdu. Bundan əvvəl də üç imkanlımız oldu. İkinci hissədə çətin oldu. Yorğunluq hiss olunurdu. Gənc komandamız var. Orta yaş 24,6-dır. Bir az səbir lazımdır ki, daha çox inkişaf edək”.

De Byazi komandadan razılığını da bildirib: “Ümumilikdə razı qaldım. Futbolçular bütün tapşırıqları yerinə yetirdi. Xoşuma gəlməyən məqam biz hesabda öndə olanda rəqib pressinqində topu yaxşı saxlamamağımızdır. Bu mənada inkişaf etməliyik. Futbolçularda bir az yorğunluq da hiss olunurdu. Amma ümumilikdə razı qaldım”.

Mütəxəssis üç gün sonra Qazaxıstana qarşı keçiriləcək görüş və həmyerlisi olan Françesko Kalzona ilə söhbətindən də danışıb: “Azərbaycana qayıdırıq. Sabah istirahət edəcəyik. Bazar günü kimin oynayacağını deyə bilmərəm. Riçard Almeyda ikinci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Buna üzüldüm. O çox faydalı oyunçudur. İlk vaxtlar yığmaya  çağırmadığım üçün ondan üzr istədim. Gənclərə şans vermək istəyirdim. Amma onun da təcrübəsi var. Kalzonanın ilk matçı idi. Məşqçi də sehrbaz deyil”.

Qeyd edək ki, Trnavadakı oyun millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

writer photo
Əlirza Əlirzalı
0