Bu həftə AVRO-2024-ün seçmə mərhələsi start götürəcək.
Apasport.az saytının məlumatına görə, bu tsikl Azərbaycan millisinin Canni de Byazinin baş məşqçiliyi ilə 4-cü sınağı olacaq.
İtaliyalı mütəxəssis yığmamıza DÇ-2022-nin seçmə mərhələsi və Millətlər Liqasının iki fərqli mövsümündə - 2020/21 və 2021/22-də də rəhbərlik edib. De Byazi bununla da yığma tarixinin rekordunu təkrarlayacaq.
Onadək yalnız iki mütəxəssis 4 fərqli turnirdə komandanın başında olub. Vaqif Sadıqov DÇ-1998, AVRO-2000, AVRO-2004 və DÇ-2006-da yığma ilə həyəcan yaşayıb. Lakin AFFA-nın indiki vitse-prezidenti bu tsikllərin heç birində əvvəldən sonadək postunda qalmayıb. 4 turnirdə yığmaya rəhbərlik edən ikinci mütəxəssis Berti Foqtsdur. O, həm ardıcıl 4 yarışda iş başında olan, həm də 4 dəfə startda bu vəzifədə olan hələlik yeganə mütəxəssisdir. Almaniyalı mütəxəssis DÇ-2010, AVRO-2012, DÇ-2014-da tam işləyib, AVRO-2016-nın gedişində istefa verib.
De Byazi həm Foqtsun rekordlarına, həm də iki mütəxəssisin şərikli göstəricinə çatacaq. İtaliyalı tsiklin sonunadək vəzifəsində qalsa, 4 turniri sonadək postunda olan ilk baş məşqçi kimi millinin tarixinə düşə də bilər.
Qeyd edək ki, millimiz martın 24-də Avstriya ilə qarşılaşacaq.