Azərbaycan yığma komandasının akademik avarçəkəni Diana Dımçenko daha bir beynəlxalq turnirdə iştirak edib.
Apasport.az saytının məlumatına görə, idmançımız İtaliyada təşkil olunan Silver Skiff beynəlxalq reqatasında mübarizə aparıb.
Yarışa 26 ölkədən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən qatılıb. Tək mərhələdən ibarət olan reqatada iştirakçılar 11 km məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığı ilə qadınların mübarizəsində Dımçenko uğurlu nəticə əldə edib. O, finiş xəttinə 44 dəqiqə 54 saniyəyə çatıb. Özündən əvvəlki rəqibindən cəmi 8 saniyə geri qalan Dımçenko gümüş medala sahib olub.
Qeyd edək ki, Silver Skiff turniri ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Reqatada hər il min nəfərə yaxın avarçəkən iştirak edir. Dımçenko Silver Skiff turnirinə 2015-ci ildən qoşulur. O, ümumi hesabda bir dəfə, öz kateqoriyasında isə üç dəfə yarışların qalibi olub.