Dmitri Nazarov: “Azərbaycan yığmasındakı həmin oyunu unuda bilmirəm”
26.08.2022 - 09:35
Dmitri Nazarov: “Azərbaycan yığmasındakı həmin oyunu unuda bilmirəm”

“Berti Foqtsla artıq münasibətim yoxdur, neçə ildir bir-birimizi görmürük”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya mətbuatına müsahibəsində deyib.

Aşağı liqa təmsilçisi “Aue”də çıxış edən 32 yaşlı yarımmüdafiəçi 2014-cü ildə ilk dəfə onu Azərbaycan yığmasına çağıran Berti Foqtsla tanışlığın tarixçəsindən danışıb: “Azərbaycan millisinə çağırıldığım vaxt Foqtsla Düsseldorfda təsadüfən tanış olmuşdum. İndi futbol stadionundan daha çox qolf meydançalarına çəkilib. Ona görə də tez-tez rastlaşmırıq”.

Nazarov beynəlxalq arenada ən unudulmaz oyunu kimi, Almaniya ilə görüşü vurğulayıb: “Azərbaycan yığmasının heyətində DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı keçirdiyim oyunu hələ də unuda bilmirəm. 2017-ci ilin martındakı matçda 1:4 hesabı ilə uduzduq. Amma bir neçə oyun idi top buraxmayan Almaniyanın qapısına qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq”.

Qeyd edək ki, Dmitri Nazarov Azərbaycan millisinin heyətində 45 oyunda 7 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0