Dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturnirinin daha iki iştirakçısı müəyyənləşib.
Turnirin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, superturnirdə hindistanlı Qukeş Dommaracu və yerli şahmatçı Aydın Süleymanlı mübarizə aparacaqlar.
2012-ci məktəblilər arasında Asiya, 2018-ci ildə isə 12 yaşadək şahmatçılar arasında dünya çempionu olan Q.Dommaracu 12 yaşında qrossmeyster tituluna yiyələnib. Hindistan təmsilçisi tarixdə ikinci ən gənc qrossmeyster adına sahib olan şahmatçıdır. O, 2022-ci ildə Hindistanın Çennai şəhərində keçirilən 44-cü Ümumdünya Şahmat Olimpiadasında birinci lövhədə qızıl medal qazanıb.
Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, “Aeroflot Open 2020” turnirinin qalibi olan Süleymanlı isə 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kuboku yarışında bürünc medala sahib olub. Qrossmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənin Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub.
Daha əvvəl turnirdə Şəhriyar Məmmədyarov və Rumıniya təmsilçisi Riçard Rapportun iştirakı açıqlanıb.
On şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib.