Türkiyə Birinci Liqasında yarışan və Super Liqaya yüksəlmək uğrunda mübarizə aparan “Boluspor”un Azərbaycan milli komandasının və “Neftçi”nin üzvü Eddi İsrafilovu transfer etmək istəməsi haqda xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, Türkiyə klubu ona 2 illik müqavilə təklif edib. Lakin maliyyə məsələsində ilk danışıqlar müsbət yekunlaşmayıb.
Belə ki, İsrafilovun istədiyi və “Boluspor”un təklif etdiyi maaş arasında fərq az olmayıb. Türkiyəlilər buna görə hələ ki, geri addım atıb. Mövsüm bitdikdən sonra isə növbəti dəfə danışıq aparacaq tərəflər maliyyə məsələsində razılıq əldə edərsə, İsrafilov “Boluspor”a qol çəkəcək. Maaş məsələsində ortaq məxrəcə gəlməsələr, Eddi başqa təklifləri gözdən keçirəcək.
Qeyd edək ki, "Neftçi" ilə müqaviləsi mövsüm sonunda başa çatacaq Eddiyə hələ ki, hazırkı komandasından konkret təklif gəlməyib.